Rejimi ictimai rəydə daha böyük hesabla məğlub etməliyik

14.09.2018 - 15:43

Siyasi məhbuslara qarşı repressiyaların növbəti dalğası nə ilə bağlıdır? Bir tərəfdən həbs müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və hicab məhbusu Telman Şirəliyevi ikinci dəfə şərləyib, onlara qarşı əlavə cinayət işi açıblar, digər tərəfdən isə siyasi məhbus, gənc cəbhəçi Fuad Әhmədlini “kars”a salıblar. Əvvəlki günlərdə isə Əfqan Muxtarlını, AXCP funksionerləri Aqil Məhərrəmlini, Saleh Rüstəmlini, Babək Həsənlini, Ruslan Nəsirlini, NİDA-çı Qiyas İbrahimi “kars”a salmışdılar. AXCP Binəqədi şöbəsinin üzvü İbrahim İbrahimli 30 gün, İlqar Aydın adlı ictimai fəal isə 60 gün müddətinə inzibati qaydada həbs olundu. İctimai fəal Fatimə Mövlamlı, KXCP üzvü, araşdırmaçı Ceyhun Nəbi polis tərədindən oğurlanıb, bir neçə gün qanunsuz olaraq polisdə saxlanıldıqdan sonra azad ediliblər. Jurnalist İsmayıl İslamoğlundan isə hələ də xəbər yoxdur. Onun da polis tərəfindən oğurlandığı güman edilir.
Görürsünüzmü cəmi bir neçə gün ərzində nə qədər qanunsuzluq edib, repressiya aktı törədiblər? Deməli, narahatdırlar, həbslər vasitəsilə qarşıya qoyduqları məqsədlərə nail ola bilməyiblər. Məqsədləri isə siyasi məhbusları təslim etmək, cəmiyyətdə kütləvi qorxu yaratmaqdır. Hələ ki, bu alınmır. Əvvəla, ona görə ki, siyasi məhbuslarımız şəxsən özləri yüksək iradə nümayiş etdirib, hökumətin tələblərini yerinə yetirmirlər. Hökumətin tələbləri isə aydındır, şərti olaraq bu 3 pillədən keçir: Әvvәlcә rejimlə əməkdaşlıq tələb olunur. Bu alınmayanda əfv ərizəsi yazmaq, bu da mümkün olmayanda gələcəkdə ictimai-siyasi fəaliyyətlə məşğul olmamaq öhdəliyi tələb olunur. Siyasi məhbuslar bu tələbi yerinə yetirmədiyi üçün təzyiqlərə məruz qalırlar. Qorxunun cəmiyyətdə oturuşa bilməməsinin ikinci səbəbi siyasi məhbus ailələrinin qürurlu davranışıdır. Rejim girov götürdüklərinə təzyiq etməklə ailələrin qürurunu sındırmaq istəyir. Çoxsaylı həbslərə baxmayaraq ölkədə qorxunun tam da oturuşa bilməməsinin digər səbəbi isə müxalifətin və bütövlükdə cəmiyyətin dirənişidir. Müxalifət və sosial şəbəkə fəalları, vətəndaş cəmiyyəti nümayəndələri özlərinə senzura qoymurlar, riskli olsa da, rejimi ifşa etməyi israrla davam etdirirlər. Rejimi ictimai rəydə məğlub edə bilirlər. Rejim mətbuatı məhv edə bilsə də, azad sözü, tənqidi fikirlәri susdura bilməyib (internetin hesabına). Demokratik alternativi sıradan çıxarmağı bacarmayıb. Bütün təzyiqlərə rəğmən müxalifət ictimai rəydə iqtidarı üstələyir və istənilən hətta yarımazad seçkidə belə iqtidara qalib gələ bilər. Məhz buna görə də rejim narahatdır. İndiyə qədərki repressiyalar da kifayət sayılmır.
Bizim də cəmiyyət olaraq cavabımız olmalıdır. Əvvəla, siyasi məhbuslara və məhbus ailələrinə dəstəyi daha da artırmalıyıq. Hökumətin repressiyaya məruz qoyduğu hər bir şəxsi siyasi mənsubiyyətindən asılı olmayaraq eyni dərəcədə ürəkdən müdafiə etməliyik. Siyasi məhbus ailələrinin yanında olmalıyıq. İkincisi, rejimi daha kütləvi və daha cəsarətlə tənqidə davam etməliyik. Rejimi ictimai rəydə daha böyük hesabla məğlub etməliyik. Hər gün daha çox adam bu prosesə qatılmalıdır. Üçüncüsü, ölkədə repressiyaların durdurulması üçün rejimə qarşı ünvanlı təzyiq və sanksiyaları beynəlxalq birlikdən daha qətiyyətlə tələb etməliyik. Özüm şəxsən bu işlə də məşğulam. Dördüncüsü, ölkədə müxalifətin güclənməsinə, daha yaxşı təşkilatlanmasına hamılıqla kömək etməliyik. Rejim anlamalıdır ki, qəddar repressiyalar belə bu hakimiyyəti alternativsiz edə bilməyəcək. Bu rejim qaldıqca repressiya və həbslər də olacaq. Bu adamlar repressiyasız ölkəni idarə edə bilməzlər. Ona görə də insanlarımızı qorumaq, repressiyaları durdurmaq üçün ən vacibi, ölkənin rejimdən qurtuluşunu tezləşdirmək lazımdır.

Sənan Muradov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031