Kılıçdaroğlunu döyənin “dosyesində” 26 cinayət var

08.04.2014 - 22:57

CHP sədri: “Kimsə yumruq atacaq deyə, geri addım atmayacağıq”
CHP sədri: “Kimsə yumruq atacaq deyə, geri addım atmayacağıq”

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin lideri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin binasında hücuma məruz qalıb. Kılıçdaroğlu yerli vaxtla saat 13.30-da CHP parlament fraksiyasının toplantısının keçirildiyi zala gedərkən qəflətən naməlum şəxsin yumruq zərbəsinə tuş gəlib. Zərbədən sonra müxalifət liderinin eynəyi yerə düşüb.

“Gözlədim, fürsət düşən kimi yumruq vurdum”

 

Partiya sədrinə hücum edən şəxsin Ankaranın Altındağ vilayətində yaşayan 1986-cı il təvəllüdlü ərzurumlu, əvvəllər silahlı hücum, narkotik, hədə-qorxu, şantac və bu kimi ümumilikdə 26 cinayət üzrə məhkum edilmiş Orxan Övən olduğu müəyyən edilib. O, həbs edilərək Ankara Polis İdarəsinə aparılıb. Övən polisə ilkin ifadəsində “Alpərən Ocaqları”nın üzvü olduğunu bildirib: “CHP qrup toplantısına gəldiyimi söyləyərək parlamentə daxil oldum. Mən alpərənəm. Kılıçdaroğlunu yumruqlamağı qərara aldım, o səbəblə gəldim. Onun girişini gözlədim və fürsət yaranan kimi yumruq vurdum. Kılıçdaroğlunu görəndə qıcıqlanıram. Onu Vətən xaini hesab edirəm”.

“Alpərən Ocaqları”: “Bu şəxsin bizə aidiyyəti yoxdur”

Qeyd edək ki, “Alpərən Ocaqları” mərhum Muhsin Yazıçıoğlunun yaratdığı millətçi-islamçı Böyük Birlik Partiyasına yaxın qurumdur. Hadisədən sonra “Alpərən Ocaqları”ndan baş verənlərə operativ reaksiya gəlib. Qurumun yetkilisi Sərxan Tüzün bildirib ki, Orxan Övən adlı şəxsin onların təşkilatına heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, bəzi qüvvələr bu yolla qurumun adına ləkə yaxmaq istəyirlər. S.Tüzün Kılıçdaroğluna salamlarını və “keçmiş olsun” diləklərini də çatdırıb.
Hadisə zamanı K.Kılıçdaroğlu sol gözünün altından bir neçə yumruq zərbəsi alaraq yerə yıxılıb və onun pencəyi cırılıb. Kılıçdaroğlunun mühafizəçisi O.Övəni yaxalayıb və CHP üzvləri onu döyməyə başlayıblar. Polis Övəni onların əlindən zorla alaraq hadisə yerindən uzaqlaşdırıb.

Kılıçdaroğlundan ilk reaksiya


İnsidentə baxmayaraq, Kılıçdaroğlu CHP millət vəkili İhsan Özkesin pencəyini geyərək fraksiya toplantısına qatılıb və çıxış edib. O, hər kəsi sakitliyə çağırıb: “Hamını sükunətə dəvət edirəm. Demokratiya yolu əngəllərlə doludur. Hücumlar, təzyiqlər bizim qarşımızı kəsə bilməz. Bu, CHP liderinə edilən ilk hücum deyil. Rəhmətlik İsmət İnönüyə də daşlar atıldı. Bu ölkəyə demokratiyanı ya gətirəcəyik, ya da da gətirəcəyik.Təzyiq və zorakılıq bizə əngəl ola bilməz. Biz heç kimin qarşısında baş əyməmişik. İndi kimsə yumruq atacaq, biz də geri addım atacağıq?! Əsla. Geri çəkilən deyilik. İnanclarımızdan da dönməyəcəyik”.

Gül və Ərdoğan hücumu qınadı

 

Prezident Abdulla Gül isə K.Kılıçdaroğluna zəng edərək “keçmiş olsun” diləklərini çatdırıb. Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və parlamentdə təmsil olunan siyasi partiyalar da hadisəni pisləyən açıqlama veriblər. Cəmil Çiçək Kılıçdaroğlunun ziyarətinə də gedib. Və baş vermiş hadisədən təəssüf hissi keçirdiyini bildirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib. Ərdoğan demokratik parlamentar sistem içərisində bu cür hərəkətlərin yolverilməz olduğunu deyib: “Belə əməlləri qətiyyətlə pisləyirik. Mən hörmətli Kılıçdaroğluna keçmiş olsun deyirəm. Ona zəng edərək bunu söyləyəcəyəm”.
Daxili işlər naziri Əfqan Ala da olayı şiddətlə pislədiyini bəyan edib. Baş verənləri çirkin hücum kimi qiymətləndirən nazir CHP liderinə “keçmiş olsun” diləklərini çatdırıb.

Melik Gökçek: “Kılıçdaroğlunu sevməsəm də…”


Ankaranın bələdiyyə başqanı Gökçek “Twitter” hesabından partiya sədrinə hücumu qınadığını bildirib: “Kamal Kılıçdaroğlunu sevməsəm də, zorakılığı pisləyirəm. Zorakılıq zəiflərin işidir”.
Onu da qeyd edək ki, 30 mart bələdiyyə seçkilərinin ardından partiyalar ilk qrup toplantılarını dünənə təyin etmişdilər. MHP və AKP-nin toplantılarından sonra hər kəs məhz Kılıçdaroğlunun çıxışını gözləyirdi. Amma göründüyü kimi, gündəmi məlum çıxış yox, O.Övənin hücumu “zəbt etdi”.

Hücumçu “Facebook”da nələr paylaşır?

 

Bu arada, hücumçunun “Facebook” profili də diqqət çəkib. Məlum olub ki, o, öz səhifəsində Muhsin Yazıçıoğlu, Əhməd Kaya, baş nazir Ərdoğanla bağlı məlumatlar və şəkillər paylaşır.

***

CHP sədri Kamal Klıçdaroğlu parlamentə hücuma məruz qalıb. Naməlum bir şəxs qəflətən partiya sədrinə hücum edərək, onu yumruqlayıb. İnsident zamanı Kılıçdaroğlunun eynəyi qırılıb.
Hadisə CHP sədri partiyasının fraksiya toplantısına gedərkən baş verib. Kılıçdaroğlu rastlaşdığı BDP-li deputat Altan Tanla salamlaşıb, elə bu anda da naməlum şəxs ona doğru yürüyüb və yumruq-təpiyi işə salıb. Kılıçdaroğlu 4 yumruq zərbəsi alıb.
Partiya üzvləri dərhal araya girib və Kılıçdaroğluna hücum edən şəxsi əzişdiriblər. Daha sonra onu polis saxlayaraq aparıb.

 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16002

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930