"D" qrupunda son tur

24.06.2014 - 10:24

Kosta-Rika bir mundialda üç
dünya çempionuna qalib gəlmək üçün tarixi şans qazanıb; gecənin
qaçırılmayası oyunu: Uruqvay-İtaliya…

 
Bu
gün Braziliya mundialının “D” və “C” qrupunda da son oyunlar
keçiriləcək. İyunun 24-də, Bakı vaxtilə saat 21:00-da   “D” qrupunda
Kosta-Rika İngiltərə millisi ilə qarşılaşacaq. Elə həmin saatda bu
qrupda İtaliya-Uruqvay oyununun da startı veriləcək. Bakı vaxtilə iyunun
25-i, saat 01:00-da “C” qrupunda Yunanıstan-Fil Dişi Sahili və
Yaponiya-Kolumbiya oyunları başlayacaq.
*  *  *
Mundialın
püşkü atılanda futbol mütəxəssisləri müxtəlif illərdə dünya çempionu
olmuş üç komanda-Uruqvay, İngiltərə və İtaliyanın qrupunu “ölüm qrupu”
kimi qiymətləndirirdi. Bu qrupda yer alan Kosta-Rikaya isə qrup
autsayderi kimi baxırdılar. Amma sən saydığını say, gör Kosta-Rika nə
sayır…
“Qrupun favoritlərindən hesab
olunmurduq. Çünki “ölüm qrupu”ndaydıq. İndi ölü olan İngiltərə, Uruqvay
və İtaliyadır. Biz artıq növbəti mərhələyə vəsiqəni təmin etmişik”. Bu
tikanlı sözləri isə üçüncü turun oyununun nəticəsindən asılı olmayaraq
pley-off mərhələsinə yüksələn Kosta-Rika millisinin qolçu futbolçusu
Bryan Ruiz deyib. 
Xatırladaq ki, Kosta-Rika
qrupdakı ilk oyunda Uruqvay millisinə 3:1 hesabı ilə qalib gələrək
mundialın ilk sensasiyasına imza atmışdı. İngiltərəni 1:2 hesabı ilə
məğlub edən İtaliya millisi ilə oyunda isə minimal qələbə(1:0) qazanan
şimali amerikalılar pley-offa yüksələn ilk komanda oldu. İndi bu 4
milyonluq ölkə futbolçularının Braziliya mundialında  tarix yazmaq üçün
unikal imkanları var. İki dünya çempionuna qalib gələn Kosta-Rika bu
tarixi yazmaq üçün bu gün ingilisləri də udmalıdır. Bir mundialda üç
çempionu “aşırmaq” özü qürurlanası tarix deyilmi?
Qeyd edək ki, Kosta-Rika millisinin baş məşqçisi Luis Pinto  qrupdakı son oyunda da qələbə qazanmaq istədiklərini bildirib. 
Kosta-Rika
və İngiltərə matçı komandaların turnir cədvəlində heç bir ciddi
dəyişiklik etməyəcək. Kosta-Rika uduzsa belə…İngilislər növbəti
mərhələyə çıxmaq şanslarını tam itiriblər və bu oyundan sonra evə
qayıdırlar. İngilislərə evə qayıtmağa qrupdan kimin yoldaşlıq edəcəyinə
isə İtaliya-Uruqvay görüşündə aydınlıq gətirilməlidir. 
Bu
komandaların hərəyə bir qələbəsi və bir məğlubiyyəti var. Uruqvay bu
oyunlarda qapılara üç qol vurub, 4 top isə buraxıb. İtaliyalılar isə 2
top vurub və 2 top isə qapılarında görüb. Prinsipcə, bu oyunda qolsuz
bərabərlik və ya istənilən qollu bərabərlik italiyalıların işinə
yarayacaq. Uruqvaya isə bu cür hesablamaya ümid etməyə limiti yoxdur.
Uruqvaya 100 faiz, İtaliyaya 99,9 faiz qələbə lazım…
Kosta-Rikanın
bu cür triumfunun səbəbini doğrusu peşəkar nöqteyi-nəzərindən izah
etmək futbol yazarının işi deyil. Kosta-Rika iki qələbə qazansa da,
xüsusilə İtaliya ilə oyunda heç bir xüsusi keyfiyyəti ilə seçilmədi.
İtaliya ilə oyunda  44-cü dəqiqədə qol vurulmasından sonra komanda
əsasən, müdafiədə oturdu. 
Etiraf edək ki,
baş məşqçi Pintonun Braziliyaya gətirdiyi heyət çox yaxşı fiziki
hazırlıqlıdır ki, bu da Amerika qitəsinin oyunçuları üçün o qədər də
xarakterik deyil. Hücum xəttində Bryan Ruis (PSV, Hollandiya), Coel
Kempbell (“Olimpiakos”) və  Marko Urenya (“Kuban”, Rusiya) kəskin
hücumçulardır və artıq çempionatda  fərqləniblər də. Hər mundial bir
sürpriz komanda olur… Bu dəfə bəxt Kosta-Rikanın üzünə güldü.
Kosta-Rika millisinin bu uğuru FİFA-nı da şübhəyə salıb. 
Komandanın
Bryan Ruiz və Keylor Navas da daxil olmaqla ümumilikdə, yeddi
futbolçusunu dopinq-testden keçirilib. Komandanın qapıçısı Keylor Navas
verdiyi açıqlamada heç bir oyunçunun qanında dopinq olmadığını deyib…
Maraqlıdır
ki, pley-off mərhələsində Kosta-Rika “C” qrupunun ikincisi ilə
görüşəcəyi daha çox ehtimal olunur. İtaliya və Uruqvay kimi rəqiblərdən
daha asan bir rəqiblə yəni…”Kosta-Rika finala qədər irəliləyərsə nə
olar” soruşsanız, məşhur lətifədəki kimi cavab vermək olar: biabır
olacağıq…
Kosta-Rika adı ispan dilindən
tərcümədə “varlı sahil” deməkdir. Ərazisi 51,1 min kv.km, əhalisi 4
milyondan bir az artıqdır. Adam hərdən inana bilmir su içində olan bu
cırdan ölkənin futbolçuları mundialın “əjdahalarının” başını “yeyiblər”.
Seçmə mərhələdə Şimali Amerika zonasında yalnız ABŞ-dan geri qalan
Kosta-Rika dünya çempionatına birbaşa vəsiqə qazanıb və keçirdiyi
oyunlarda cəmi iki dəfə məğlub olub. İtaliya ilə oyunda AzTV
aparıcısının Kosta-Rikanın heyətində dəyişiklik edəndə “Rendall Brenes
“Xəzər Lənkəran”ın sabiq üzvü olub” deyərək sevindiyini də
xatırladaq… 
Bu gün ingilislərin udması heç nəyi dəyişməz, Kosta-Rika qələbə qazansa tarix yazacaq…
***
Qrup
ikincisini müəyyən edəcək İtaliya-Uruqvay oyunu böyük maraqla
gözlənilir. Bu komandalar mundialda bərabər səviyyəli oyun göstəriblər
və “kim qalib gələ bilər” sualına birmənalı cavab vermək mümkün deyil.
Uruqvay birinci oyunda Suaressiz çox bərbad göründü və nəticədə uduzdu.
İkinci oyunda isə Uruqvay deyil, Suares ingilislərin qapısına 2 qol
ataraq komandasına vacib qələbə qazandırdı. İngilislərlə oyunda güclü
komanda təsiri yaratmış İtaliya Kosta-Rika millisi ilə görüşdə yorğun
görünürdü. Xüsusilə hücum xəttində tək olan Mario Balotellinin oyunu heç
alınmadı və bir neçə qol vəziyyətini əldən verdi. İtaliya futbolu güclü
hücumçu və ulduz oyunçu depressiyasını yaşayır. Balotelliyə kömək üçün
meydana buraxılan Kassano da iki il əvvəl Avropa çempionatındakı oyunçu
deyil. İtaliya nə qədər müdafiə futbolu oynasa da, tarixən bu komanda
hücumçuları ilə şöhrət tapıb. İtaliyanın bu gün oyunu alınarsa, qələbəyə
onlar daha yaxın olacaqlar. Suares-Balotelli qarşılaşmasında kimin
qalib gələcəyini axşam biləcəyik.       
 ***
“C”
qrupunda iki görüşdə qalib gələn Kolumbiya millisi növbəti mərhələyə
vəsiqə qazanıb. Maraqlıdır ki, bu qrupda hər üç komanda Yunanıstan, Fil
Dişi Sahili və Yaponiya növbəti mərhələyə çıxmaq şanslarını saxlayırlar.
Bu komandalar sırasında ən yaxşı nəticə FDS millisinə məxsusdur.
Komandanın 3 xalı var. Digər iki komanda isə hərəyə bir xal toplayıblar.
Bu mənada bu gün yunanlarla qarşı-qarşıya gələcək FDS millisinin
 növbəti mərhələyə çıxmaq şansı daha böyükdür. Riski gözaltına almamaq
üçün isə FDS mütləq qalib gəlməlidir. Droqbanın komandası mundiala qonaq
kimi gəlmədiyi barədə proqnozları hər iki oyunda təsdiqlədi. FDS Afrika
komandalarına xas hücum futboluna meyllidirlər və Yaponiya ilə ilk
oyunda 2 dəqiqə ərzində matçın taleyini həll etmələri də buna sübutdur. 
Ardıcıl
üç dəfədir Afrikanın ən yaxşı futbolçusu adına layiq görünən Yaya Ture
isə bu mundialda özünü təsdiq edə bilmir. Rəqib Yunanıstan isə bu
mundialda heç bir uğura imza atacaq gücdə deyil. Teofanis Gekaks,
Dimitris Salpinqidis, Georqios Samaras, Kostas Katsuranis və Karaqunis
kimin oyunçular indi yalnız “bostanda qarğaları qorxuda bilər”. 
Əsasən
müdafiə futbolu oynayan yunanların bu gün FDS qarşısında nə qədər duruş
gətirəcəyi maraqlıdır. Yaponiyanın da bu gün işi çətin olacaq.
Kolumbiya indi yaxşı formada və yüksək əhval-ruhiyyədədir.  
Bu qrupda kim ikinci olacaq? Çətin sualdır…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930