Şeyximizi kim daha yaxşı tanıyır?!

28.07.2021 - 19:37

Son günlər bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadə haqqında bəzi media vasitələrində və sosial şəbəkələrdə yazılanları və internet kanallarda söylənənləri ürək ağrısı ilə izlədim və buna biganə qalmamağa qərar verdim. Əslində bu, özünü həqiqətən bu ölkənin ziyalısı sayan hər bir vətəndaşın borcu olmalıdır ki, müstəqilliyin xalqa qazandırdığı söz, fikir və vicdan azadlığından kimlərsə sui-istifadə etməsinlər. İnsanların, xüsusilə tanınmış, nüfuzlu şəxsiyyətlərin şərəf və ləyaqətinin alçaldılması, təhqir edilməsi indiki vaxtda çox pis bir tendensiyadır və çox təəssüf ki, bu tendensiya durmadan bütün zümrələrə nüfuz etməyə başlayıb. Təbii ki, belə hadisələr cəmiyyətdə qarşıdurmaya, insanların bir-biriləri ilə daha qəddar rəftar etməsinə, sivil qaydaların təməl prinsiplərinin kobud şəkildə pozulmasına yol açır.
Kimsəyə dərs keçmək fikrindən çox uzağam, lakin bir çox söz dəllallarının meydanı boş görüb müqəddəs sözün hesabına çirkin niyyətlərini həyata keçirməsi ilə də barışmaq istəmirəm. O da qalmışdı bu ölkənin nüfuz dəyərlərindən olan bir şəxsiyyət haqqında heç bir mənəvi haqqı olmayan çızma-qara sahiblərinin üfunət qoxuyan xəbərlər yaymasına.
İndi bu insanlara sual edirəm: Bu məmləkətdə Şeyxülislam Hacı Allahşükür Paşazadəni, əvvəllər ümimmilli lider Heydər Əliyevdən, indi isə Prezident İlham Əliyevdən daha yaxından tanıyan başqa bir kişi varmı? Ehtimal etmirəm, qəti şəkildə bilirəm ki, yoxdur. Çünki şəxsi tanışlıqdan əlavə, bu iki liderin əlində olan imkanlar, bu ölkədə istənilən şəxs haqqında küfayət qədər dəqiq və dürüst məlumat əldə etməyə onlara imkan verib. Böyük dövlət xadimi, fenomen şəxsiyyət ulu öndər Heydər Əliyev şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında deyirdi: “Bizim doğma İslam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır… Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir”.
Kimin buna şübhəsi varsa əsaslar göstərsin və ya daha ciddi və tutarlı faktlara sahib olduğunu bildirsin. Bəlkə “hərnəvoy şərhçi, ekspert, mütəxəssis” hesab etdiyiniz Rəşid Mahmudov şeyx həzrətlərini yaxşı tanıyır, durub, hansı internet kanalı gəldi mikrafonu əlinə alıb bayram şənliklərindəki təlxəy kimi dini liderimiz haqqında dilində bitəni danışır? Bəli, məhz dilində bitəni. Amma başa düşmür ki, dil ona görə ağzın içində qərarlaşıb ki, sahibi onun üstündə bitən hərzavü-hədyanları deməyə imkan verməsin. Rəşid Mahmudov zənnimcə yaxşı bilər ki, insanın dilinin üstündə milyonlarla bakteriya olduğu kimi, milyonlarla iyrənc söz də ola bilir.
İndi şükür yazmaq, söz demək, söyüş söymək, kimi isə təhqir edib imkanlı qonşunun, hansısa bürokrat məmurun, ədavətin olan qohumun hayfını, ələ düşən ilk fürsətdə kimdənsə çıxmaq çox asan bir işdir. Budurmu söz və ifadə azadlığı? Əsla yox. Budurmu söz azadlığı Rəşid Mahmudov kimi özünü “müdrik” hesab edən bir insan çıxıb ekranda ağzını gen-gen açıb şeyx həzrətlərinə “vicdansız” desin? Bu, o, şeyx deyilmi ki, qırmızı ordunun xalqımızı qanına qəltan etdiyi 20 yanvar 1990-cı ildə bir çoxlarının qaçıb gizləndiyi bir vaxtda, millətin azadlıq mücadiləsində şəhid düşmüş insanları lazımi ehtiram və sayğı ilə, məhz indiki Şəhidlər xiyabanında dəfn etmək üçün təkbaşına sinəsini irəli verib milləti arxasıyca aparan? Bu, o, şeyx deyilmi ki, Qırmızı imperiyanın baş cəlladlarına cəsarətlə ittiham edib “Sizin əlləriniz mənim xalqımın qanına batıb” dedi? Təkcə bu xidmətlərinə görə, şeyx həzrətlərinə “vicdansız” deyən adamın özündə vicdan varmı görəsən?
Vallah, müqəddəs sözün nüfuzu xatirinə, çox danışmaq istəmirəm, danışsam hiddət və qəzəb mənim də dilimə layiq olmayan şeylər gətirər. Amma rica edirəm, qəddar xislətinizi, həyatda qarşılaşdığınız ədalətsizliklərin, sosial bərabərsizliyin doğurduğu acıların hayfını kimlərinsə sifarişi ilə burulğana atılan şəxsiyyətlərin üstünə yükləməyin. Nifrət nifrət, qisas qisas gətirər. Hacı Allahşükür Paşazadə kiminçünsə hansı səbəblərdənsə nüfuzlu şəxsiyyət olmaya bilər. Amma belə insanların sayı çox azdır. Hacı Allahşükür Paşazadə, mən də daxil olmaqla böyük bir müsəlman qövmü üçün, el-oba üçün, xalq üçün, azərbaycanlı olan milyonlarla insan üçün çox dəyərli bir şəxsiyyətdir, dini liderdir. Onu təhqir etmək milyonlarla insana həqarət etmək, təhqir etməkdir.
Fikirlərimi Azərbaycan xalqının hazırkı lideri, qailb Ali Baş Komandanımız , Prezident İlham Əliyevin aşağadakı sözləri ilə tamamlamaq istəyirəm: “Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.
Bu fikirlərə kimsənin düzəliş etmək və ya onu təkzib etmək cəsarəti çatırsa buyursun…
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist, Ali media və Həsən bəy Zərdabi mükafatları laureatı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165455

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930