50 il sonrakı həyat

03.01.2014 - 23:11

50 il sonrakı həyat2064-cü ilə verilən proqnozlar…uçan maşınlar və yeraltı şəhərlər…

 

 

1964-cü ildə əfsanəvi elmi fantastika yazarı Isaac Asimov dünyanın 50 il
sonra – 2014-cü ildə necə olacağı barədə bir esse yazıb. Onun proqnozlarından
bəziləri – naqilsiz cihazlar və videotelefon zəngləri reallığa çevrilib. Ancaq,
məsələn, uçan maşınlar və yeraltı şəhərlər hələ də təxəyyül məhsulu olaraq
qalır. AzadlıqRadiosunun müxbiri Daisy Sindelar 2064-cü ildən gözləntilərlə
bağlı futuroloq İan Pearson-la söhbətləşib.

Kilometrlərlə ölçülən binalar

Pearson deyir ki, əhali artımı və urbanizasiyanın yayılması 50 milyonluq
meqaşəhərlərlə nəticələnəcək:”İndi insanlar yaşamaq üçün kilometrlərcə
hündürlüyü olan binalar tikmək istəyir, amma bu işi çözə bilmirlər. Əldəki
materiallar elə də möhkəm olmadığından, hələlik, həmin binaları tikmək mümkün
deyil. Ancaq 2050-2060-cı illərədək karbontəməlli materiallar bollaşacaq.
Onları hazırlamaq da ucuz başa gələcək. Beləcə, biz çox-çox hündür binalar tikə
biləcəyik”. Asimov-un “yerdən bir metr yuxarıda uçan” maşınlarla bağlı dediyinə
gəlincə, Pearson ah çəkir. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən
2064-cü ilin sürücüləri elektron maşınlardan istifadə edəcəklər.

Elektron maşınlar, beyində çalan musiqi

“Uçmaq barədə düşünməyə əsas görmürəm. Buna ehtiyac yoxdur. Hələ yerin
üstündə nəyi bacarıb-bacarmadığımıza baxaq. Elektron maşınlara üz tutsaq, onlar
bir-birindən bir neçə santimetr, hətta millimetr aralı gedə bilərlər. Küçədə 75
dəfə daha çox maşın ola bilər”. Asimov 2014-cü ildə insanların 3D filmlərinə
baxmaq üçün növbəyə duracağını proqnozlaşdırırdı. Pearson 2064-cü ildə kino,
teatr və konsertlərin ənənəvi əyləncə forması kimi qalacağını deyir. Ancaq bəzi
şeylər dəyişəcək: “2064-cü ildə siz hələ də musiqiyə qulaq asacaq, teatra
gedəcəksiniz. Texnologiya irəlilədikcə, çatdırma vasitəsi də dəyişir. 2064-cü
ildə bir musiqi barədə düşününcə, elə beyninizin içindəcə o musiqi
çalınacaq!..”. Asimov proqnoz vermişdi ki, 2014-cü ildə psixologiya əsas tibbi
ixtisasa çevriləcək. Bəşəriyyət avtomatlaşdırma nəticəsində xroniki darıxmadan
əziyyət çəkəcək.

Elektron ölümsüzlük

Pearson isə əksinə, inanır ki, avtomatlaşdırma insanı hər cür ucuz əməkdən
qurtaracaq, onları yaradıcılığa yönləndirəcək:”Təsəvvür edirəm, bizə bu
qədər fantastik seçim imkanı verildiyi halda həyatdan maksimum həzz ala
bilməməyin əzabını çəkəcəyik. Məncə, bu, artıq bir təhlükəyə çevrilib, insanlar
artıq seçim stressi ilə üzləşirlər”.

Asimov texnologiya sayəsində gələcəkdə əhali artımının Yer kürəsi qarşısında
duran əsas problemlərdən biri olacağını deyirdi. Ancaq Pearson “elektron
ölümsüzlük”dən danışır: “Təxminən 2050-ci ilədək elə bir həddə çatacağıq ki,
düşüncənizin 90 faizi beyninizdən kənarda baş verəcək. 2060-cı ildə sizi yük
maşını vurarsa, bu, karyeranız üçün elə də böyük problem olmayacaq. Hətta
ölsəniz də, böyük məsələ deyil, çünki beyniniz daha çox şəbəkələrdə işləyir.
Android mağazasından bir android alırsınız, beyninizi ona yükləyirsiniz və heç
nə olmamış kimi, işinizə davam edirsiniz. Beləcə, elektron ölümsüzlük qazanmış
olursunuz. Özünüzün bir neçə surətini hazırlaya bilərsiniz. Bu seçim
gerçəkləşəndən sonra bəşəriyyətin gələcəyi büsbütün dəyişmiş olacaq”.

 

50 il sonrakı həyat

50 il sonrakı həyat

50 il sonrakı həyat

50 il sonrakı həyat

50 il sonrakı həyat

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3141

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930