Məktəb tikintisində korrupsiya kəskin artıb- Korrupsiya
Məktəb tikintisində korrupsiya kəskin artıb– Korrupsiya
2014-cü ildə rayon icra hakimiyyətlərinin tikəcəyi 220 şagird yerlik məktəb binalarının dəyəri 2 dəfəyə yaxın bahalaşıb
ABŞ səfirliyinin Bakıda tikdiyi məktəb Təhsil Nazirliyinin Qəbələdə tikdiyi təxminən eyni ölçülü məktəbdən 6 dəfə ucuz başa gəlib
Məktəb tikintisi Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə verildikdən sonra korrupsiyanın səviyyəsi kəskin artıb. Mediada bu barədə çox yazılsa da, bu məsələdə nəinki pozitiv istiqamətdə dəyişib, əksinə, vəziyyət daha da pisləşib. Yerli icra hakimiyyətləri smetaları fantastik həddə qədər şişirtməyə başlayıb.
2012-ci ilədək bütün məktəblərin tikintisi Təhsil Nazirliyinin səlahiyyətlərinə daxil idi. 2012-ci ildə hökumət qəfildən məktəb tikintisinə büdcədən ayrılan pulları rayon (şəhər) icra hakimiyyətinə ayırmağa başladı. Məsələn, 2007-2011-ci illərdə Təhsil Nazirliyinin sərəncam verdiyi investisiya xərcləri 665 milyon manat, orta hesabla ildə 130 milyon manat təşkil edib. Həmin vəsaitlərin də təxminən 70-75 faizi məhz bağça və orta məktəblərin təmir-tikintisinə xərclənib. 2013-cü ildə Nazirliyin investisiya büdcəsi birdən-birə 14 milyon manata endirildi. Əvəzində məktəb və bağça təmir-tikintisi xərcləri icra hakimiyyəti başçılarının sərəncamına keçdi. Bu ərəfədə bağçaların da idarəçiliyi Təhsil Nazirliyindən yerli icra hakimiyyətlərinə keçdi, az sonra təhsil naziri də öz vəzifəsi ilə vidalaşmalı oldu. Korrupsiyanın səviyyəsi isə daha da artdı. Konkret faktlara keçək.
2011-2012-ci illərdə Neftçalanın Astanlı, Lənkəranın Osaküçə, İmişlinin Çaxırlı, Ağcabədinin Mehrablı, Bərdənin İkinci Hacallı kəndlərində 220 şagirdlik orta məktəbləri Təhsil Nazirliyi orta hesabla 850-900 min manata tikib. 2014-cü ildə rayon icra hakimiyyətlərinin tikəcəyi 220 şagird yerlik məktəb binalarının dəyəri isə 2 dəfəyə yaxın bahalaşıb. Məsələn, Tovuzun Şamlıq kəndində 220 şagirdlik orta məktəb 1 milyon 611 min manat, Oğuzun Yaqublu kəndində 220 şagirdlik orta məktəb 1 milyard 709 min manat, Siyəzənin Böyük Həmyə kəndində 220 şagirdlik orta məktəb 1 milyon 897 min manata başa gələcək.
İqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a açıqlamasına görə, beynəlxalq donorların ölkəmizdə tikdiyi eyni ölçülü məktəb binalarının dəyəri nəinki, yerli icra başçılarının, hətta Təhsil Nazirliyinin inşa etdiyi məktəblərin dəyərindən dəfələrlə ucuz olur. 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Bakının Xəzər rayonunun Yeni Qala qəsəbəsində tikilmiş 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəbi Azərbaycanın Təhsil Nazirliyinə təhvil verdi. Həmin məktəb 300 min dollara (255 min manata) başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar (12,7 min manat), bir şagirdə düşən xərc 750 dollar (638 manat) təşkil edib.
Bu hazırda Təhsil Nazirliyinin büdcənin pulu ilə Qəbələdə tikdiyi təxminən eyni ölçülü məktəbdən 6 dəfə (bu məktəb 1,5 milyon manata başa gəlib), icra hakimiyyətlərinin “standart”larından isə 12 dəfə ucuzdur. Özü də səfirliyin tikdiyi məktəbin hər cür təchizatı var – o, istilik sistemləri və 20 tonluq su çənlə də təchiz edilib.
Deməli, hökumətin məktəb tikintisinin Təhsil Nazirliyindən alaraq yerli icra hakimiyyətlərinə verilməsi barədə qərarı çox səhv addım olub. Ən azı bu addım praktiki olaraq korrupsiyanın səviyyəsi 2 dəfə artıb. Yəqin ki, bu məsələyə yenidən baxmaq lazım gələcək. Ancaq söhbət ondan getmir ki, məktəb tikintisi yenidən Təhsil Nazirliyinin idarəetməsinə qatılsa, vəziyyət müsbətə doğru dəyişəcək. Söhbət bu sahədə vahid standartların tətbiqindən gedir. Bir rayonda iki eyni ölçülü məktəbin dəyəri kəskin fərqlənirsə, deməli, məsələni nə Təhsil Nazirliyinin, nə də yerli icra hakimiyyətlərinin öhdəsinə buraxmaq olar. Nazirlər Kabineti yeni məktəblərin tikintisi ilə bağlı vahid standartlar hazırlamalıdır. Məsələn, 20 siniflik məktəbin orta maya dəyəri 300 min manat, 40 sinifli məktəbin orta maya dəyəri 500 min manatdır. Sadəcə, məktəblərin harada tikilməsindən asılı olaraq nəqliyyat xərcləri dəyişə bilər. Yəni Bakıda tikinti materialların daşınma xərci 10 min manatdırsa, Lənkəranda bu 20, Zaqatalada 30, Gədəbəydə 40 min manat olsun. Onsuz da nə Təhsil Nazirliyi, nə də yerli icra hakimiyyətləri şəffaf tender keçirən deyil. Əgər belə olarsa, məktəb tikintisinə ayrılan vəsait çərçivəsində indikindən ən azı 4-5 dəfə çox məktəb tikmək olar. Bunun başqa yolu yoxdur. Əks halda məktəb tikintisi məmurların cibinə axmaqda davam edəcək.
azpolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4275