Keçmiş müstəntiq Rüfət Səfərov: “Formal rəis Kamran müəllimə yazığım gəlir”

12.02.2016 - 14:42

kamranTutduğu vəzifədən siyasi bəyanatla istefa verən Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov rüşvət alma ittihamı ilə həbs ediləndən az sonra ev dustaqlığına buraxılsa da, əslində barəsində açılan cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğunu düşünür. Lakin onun buna inamı yoxdur. Niyə? Gəlin cavabını Rüfət Səfərovun “Azadlıq” qəzetinə verdiyi geniş müsahibədə, özündən eşidək.

 

– Rüfət bəy, barənizdə qaldırılan cinayət işinə xitam verilə biləcəyinə inamınız varmı?

– Səmimi deyim ki, xeyr. Bunun üçün kifayət qədər əsaslarım da var. Bu xüsusata müsahibə boyu yenidən qayıdacağam, icazənizlə əvvəlcə oxucu uçün daha maraqlı nüanslara aydınlıq gətirim. Əvvəla, məni təqib edən istintaq-əməliyyat korpusunun ciddi səhvi tələsmələri ilə bağlı oldu ki, məhz bu hal da cəmiyyətdə ittihamın inandırıcı olmadığını şərtləndirdi. Onlar səbir edib, bir müddət sonra məni qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri daşıma və ya satmada təqsirləndirsəydilər, bəlkə də ittihamda inandırıcılıq yükü nisbətən ağır olardı. Ən azı ictimai görüş dairəsi olmayan meşşan inana bilərdi ki, eks-müstəntiq işsiz-gücsüz qaldı, pulu-parası olmadı, mənəvi tənəzzülə uğrayaraq, narkotikə qurşanıb həyatın dibinə çökdü. Yoxsa ki, xidmət etdiyi prokurorluq orqanlarından siyasi bəyanatla vidalaşan birisini aylar da yox, illər öncə rüşvət almaya görə ittiham edib, barəsində həbs qətimkan tədbiri seçmək, sadəcə nonsens oldu. Bunlar cinayət prosessual məcəlləsinin normaları ilə deyil, “şəxsi prosessual məcəlləsinin” qaydaları ilə hərəkət etdilər, heç bir şahid olmadan, hətta isintaq hərəkəti olaraq üzləşdirmə aparılmadan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətimin olub-olmadığı müəyyən edilmədən, təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edildim. Məsələnin ən maraqlı məqamı odur ki, yalnız həbs olunduqdan sonra üzəduranlarla üzləşdirildim. Həbsin birinci həftəsində müdafiə tərəfinin vəsatəti əsasında həbsə alternativ qətimkan tədbiri kimi ev dustaqlığı seçildi: sanksiyası səkkiz ildən on iki ilədək olan maddəyə münasibətdə… Yeri gəlmişkən, Azərbaycan təcrübəsində, səhv etmirəmsə, korrupsiya cinayətində təqsirləndirilərək ittiham olunan şəxs barəsində alternativ qətimkan tədbirinin – ev dustaqlığı və ya girovun seçilməsi təcrübəsi olmayıb. Paradoksal olsa da bu, baş verdi…

Barəmdə başlanılmış cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini də gözləmirəm, çünki ölkəmizdə oturuşmuş hüquqi təcrübə gözləməyimə mane olur, açığı. Yadıma mərhum babam Sabir müəllimin ən sevimli filosoflarından olan Frensis Bekon düşdü. O Bekon ki, 65 illik ömrünü “həqiqət və əsl biliyin təcrübədən yaranması barədə” müddəaya həsr etmiş və ədalətsizliklə bağlı maraqlı bir fikir söyləmişdi: “Ədalətsizliyin üç növü var: 1. Adi zorakılıq; 2. Qanun adı ilə pərdələnən zorakılıq. 3. Qanunun öz qəddarlığı”. Təbii ki, ölkəmizdə qüvvədə olan cinayət və cinayət-prosessual məcəllələrində təsbit edilən normalar əsas etibarı ilə dünyada oturuşmuş qabaqcıl hüquqi təcrübəyə cavab verir və odur ki, ittiham tərəfinin qanun adı ilə pərdələnən zorakılığa yol verdiyini qəbul etmir, eləcə də qanunun qəddar olduğunu hesab etmirəm. Görünən budur ki, ADİ ZORAKILIQ etdilər mənə münasibətdə… Digər tərəfdən, barəmdə alınan qanunsuz qərarlar, əsassız surətdə həbs olunmağım Azərbaycan hüquq gerçəkliyinə “tezbazar” adlanan istintaq hərəkəti də gətirdi. Belə ki, “Pokurorluq haqqında” qanunun 33-cü maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq işçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi, həbsə alınması, cinayət başında yaxalanma halları istisna edilməklə, Baş prokurorun müraciəti əsasında Ali Məhkəmə sədrinin razılığı olmadan həyata keçirilə bilməz. Bu halda dərhal Ali Məhkəmənin sədrinə məlumat verilməklə müvafiq sənədlər təqdim edilməlidir. O, razılıq vermədikdə tutulmuş, yaxud həbs olunan şəxs dərhal azad edilir. Təsəvvür edin ki, qanunun bu imperativ normasını saya salan olmadı, hörmətli Ramiz Rzayevin razılığı alınmadan acımasız surətdə həbsə atıldm. Sual edirəm Baş Prokurorluğun rəhbərliyinə, bir həftəlik qanunsuz həbsimin, əzizlərimin sarsıntısının bədəlini ödəyə biləcəksinizmi?! Hər halda, ciddi-cəhdlə səy edəcəm ki, ödənilsin!

– Gələcək planlarınız nədən ibarətdir?

– Yaxın, orta və uzaq planları özündə ehtiva edən “şəxsi sənəd”i bitirmək üzrəyəm. Detallar barədə növbəti söhbətlərimizdə təfərrüatı ilə bəhs edəcəyəm, lakin onu yəqinliklə ifadə edirəm ki, hər üç planda imkanlarım həddində cəmiyyətə fayda verməyi prioritet olaraq qarşıma qoymuşam. Düşündüklərim, sözsüz, bu, kanardan doğru, ya qeyri-dürüst sayıla bilər, hər zaman ortada olacaq. Eyni zamanda, yarımçıq qalmış elmi işim üzərində işləməyə başlamışam. Mövzu müasir zamanla ciddi surətdə səsləşir: “Kütləvi İnformasiya Vasitələrinin konstitusion-hüquqi statusu”. Söz və fikir azadlığı, məlumat azadlığı, ümumiyyətlə, özünüifadəetmə azadlığını müqayisəli tədqiqat üsulu ilə fundamental araşdırmaq fikrindəyəm. İşi uğurla yekunlaşdırmaqdan ötrü, xarici ölkələrin təcrübəsindən yerində yararlanmaq məqsədilə səfərlərim də istisna deyil.

– Maraqlıdır, dostlarınızla, keçmiş həmkarlarınızla, bir neçə il birgə çalışdığınız istintaqçı yoldaşlarınızla əlaqələriniz davam edirmi?

– Bu suala tarixi aspektdən yanaşacağam. Lakin hələlik ondan başlayaq ki, siyasi bəyanatla istefa verdiyim gün sosial şəbəkə vasitəsi ilə dostlara müraciət etdim ki, bir tikə çörəyinizin xətrinə münasibətə bir an öncə xitam verin, bundan zərrə qədər incimərəm. Çünki yəqinliklə bilirəm ki, cəmiyyətimiz, dar mənadasa fərd işini-gücünü, gündəlik dolanışığını itirməmək xətrinə ən müqəddəs dəyərdən belə imtina etməyə hazırdır. Təbii ki, bu, absalyut deyil, əsas etibarı ilə belədir. Demək olar ki, təkcə prokurorluqdan deyil, o sistemin mənə verdiyi həmkar, dost, yoldaşlıqdan da istefa vermişəm. Lakin barmaqla sayılası olsa da, dürüst dostlarla hələ də birgəyik və bu mənada Demokritin “həqiqi dostu olmayanın yaşaması da mənasızdır…” fikri ilə razılaşmamaq olmur. Həyatın müəyyən mərhələlərində yeni-yeni dostlar qazanılsa da, ideyaya dayanan dostluq munasibətləri daha sarsılmazdır…

Sizinçün maraqlı ola biləcək bir məqamı qeyd edim: tutduğum vəzifədən istefa verib, açıq fikirlər ifadə etməyimi, siyasətlə məşğul olub, müxalif fikrə qatılmağımı bir-iki köhnə “dost”-istintaqçı ruhi-pisixi amillərlə, psixoloji-nevroloji faktorlarla izah etməyi özlərinə rəva gördülər. Az qalıbmış ki, haqqımda anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs kimi tibbi xarakterli məcburi tədbirlərə start versinlər… Amma əslində bu, normaldır. Niyə? İndi sizə bir neçə tarixi misal gətirəcəyəm, görəcəksiniz ki, bu tipli cəmiyyətlərdə həqiqəti dilə gətirən, eybəcər sosial, iqtisadi, siyasi, hüquqi, mədəni və s. prosesləri təhlil edib, özgür fikir ortaya qoyan kəs ən yaxşı halda kəmağıl, şizofrenik, inbesil adlandırılıb, cəmiyyət üçün potensial təhlükə mənbəyi sayılaraq ruhi-əsəb dispanserinə salınır. Bu günlərdə köhnə gündəliklərim üzərində gəzişirdim. Xəta edib konkret mənbəni yazmasam da maraqlı bir iqtibas diqqətimi cəlb etdi: “…Qırmızı imperiya dövründə, xüsusilə 60-cı illərdə dissidentlərin anlaqsız hesab edilərək psixoloji xəstəxanalara göndərilməsi meyli daha geniş vüsət almışdır. 1968-ci ildə 8 dissident – Konstantin Babiskiy, Tatyana Baeva, Larisa Boqoraz, Natalya Qorbanevskaya, Vadim Delone, Vladimir Dremlyuq, Pavel Litvinov və Viktor Faynberq Qızıl Meydanda oturaq aksiya keçirmişlər. Onların yeganə “günah”ı SSRİ qoşunlarının Çexoslovakiyaya soxulmasına protest etmələri olub. İxtisasca filoloq olan Fayenberqin qabaq dişləri dindirmə vaxtı sındırıldığından, onun məhkəmə salonuna gətirilməsi məqsədəuyğun bilinməyib. Bununla belə, sovet psixatrının rəyi köməyə gəlib: “Özünə vurğunluq və dediklərinin mütləq həqiqət olması onun başqa fikirləri qəbul etməməsi ilə nəticələnir. Ətraf mühitə və ailəsinə laqeydliyi var. Düşdüyü və ətraf üçün yaratdığı vəziyyətin fərqində deyil”. Niyə uzaqa getdik? Elə götürək bu günümüzü. Üç-dörd il əvvəl Aşqabadda yaşayan müəllim Sazak Durdumuradovu məcburi surətdə ruhi dispanserə salmışdılar. Onun dispanserə salınmasına işlədiyi məktəbdəki sorunlar, yaşadığı cəmiyyətdəki problemlər barədə ayrı-ayrı rəsmi strukturlara şikayət xarakterli müraciətlər ünvanlanması kifayət edib. Bir sözlə, vicdanının səsinə qulaq asıb, haqqa tapınanları kəmağıl qismində dəyərləndirib, psixoloji motivləri önə çəkən buyruq qullarına, yaltaqlıq, xudbinlik, acgözlük kimi cılız hisslərə sahib olub da karyera xətrinə ən iyrənc işlərə imza atan, sonra da kişi-kişi gəzənlərə mən deyil, gənckən dünyasını dəyişən, üstəlik, 39 ilə həm riyaziyyatı, həm fizikanı, həm ədəbiyyatı, həm də fəlsəfəni mükəmməl surətdə sığışdırmağı bacaran Blez Paskal cavab verir: “Zaman axınının hər şeyi necə yuyub apardığını hiss etmək necə də dəhşətlidir.”

– Rüfət bəy, hər halda, kifayət qədər karyera vəd edən bir sistemdə-prokurorluq orqanlarında fəaliyyət göstərirdiniz. Bildiyimiz qədər, Baş Prokurorluğun rəhbərliyi də barənizdə pis fikirdə olmayıb, irəlidə sizi yüksələn xətt üzrə gedən karyera gözləyirdi. Aradan bir neçə ay keçdi, maraqlıdır, bu müddət ərzində atdığınız addımdan dolayı peşmançılıq hissi keçirdiyiniz anlar olubmu?

– Tam səmimi olacağam. Artur Şopenhauerin bir fikri var: “Gördüyü işdən peşman olan adam həm zavallı, həm də gücsüz adamdır.” Mənsə özümü nə zavallı, nə də gücsüz sayıram. Kifayət qədər düşünüb-daşındıqdan, ölçüb-biçdikdən sonra həyatımı 360 dərəcə altında dəyişikliyə uğratdım, bir cür fikirləşib ayrı cür tərz etmək, mənəviyyatıma yad olan bir sistemdə çalışmaq kimi dözülməz vəziyyətdən xilas oldum. Nədən peşmançılıq çəkməliyəm? Yeganə təssüfləndiyim məqam məlum addımı atmaqda bir qədər yubanmağım və məkanı düzgün seçməməyimlə əlaqədardır. Bu barədə bir qədər geniş danışmaq istəyirəm. İstintaqda beşillik fəaliyyətim ərzində üç prokurorun – Behruz İbrahimov, Süleyman Süleymanov və Elşən Abdullayevin prosessual rəhbərliyi altında fəaliyyət göstərmişən. Birincinin üzərində çox dayanmaq istəmirəm, çünki o, heç bir mövqeyə, elementar hüquqi biliklərə sahib olmayıb, hətta “Behruz” adından nədənsə utanc hissi duyaraq, bütün xidməti yazışmalarda “Bəhruz” adından istifadə edirdi. 2012-ci ilin dekabr ayında beşillik konstitsion müddətin bitməsi ilə əlaqadar Zərdab rayon prokurorluğunun fəaliyyətinin kompleks yoxlanılmasının nəticələri Baş prokurorun birinci müavini Rüstəm Usubovun yanında müzakirə edilirdi. Bütün generalitetin iştirak etdiyi həmin iclasda rayon prokurorluğunun müstəntiqi olaraq mən də iştirak edirdim. Baş Prokurorluğun Kadrlar İdarəsinin o zamankı rəisi Bəhruz Mahmudov Zərdab rayon prokuroru Behruz İbrahimova xitabən təxminən bu məzmunlu irad tutdu: “Sən ictimaiyyəti niyə aldadirsan? Adından utanırsan, get adını dəyiş, daha xidməti yazışmalarda ismini niyə qeyri-dürüst yazırsan?” Həmin vaxt düşündüm ki, bu adam çox yəqin, bunca aşağılayıcı münasibətdən ciddi nəticə çıxarıb, prokurorluq orqanlarından çıxıb gedər. Amma nə baş verdi? Adam adından utanmağa davam edib, yenidən “Behruz” deyil, “Bəhruz” ismindən istifadə etməyi özünə rəva gördü. Onun başqaları üçün “öldürücü” məziyyəti isə ən əhəmiyyətsiz məsələ barədə saatlarla danışmaq, tabeliyində olan işçini isə dinləməyə məcbur etmək idi. Göstərdiklərimə rəğmən, hazırda Lerik rayon prokuroru olaraq fəaliyyətini davam etdirir… İkinci prokurorum – Süleyman Süleymanov mötədil, savadlı, vətəndaşlarla ünsiyyətdə yüksək etika ilə fərqlənən şəxs idi. O, prokurorluqda layiqli kadrlardan biri kimi hafizəmdə qalıb. Lakin onu telepat olmamaqda, işçisinin qəlbində nələrin yatdığını bilməməkdə günahlandırıb, tutduğu vəzifədən azad etdilər… Elşən Abdullayevsə Ucarın prokurorudur. Zərdab rayon prokuroru məzuniyyətdə olarkən qonşu rayonun prokuroru olaraq bir neçə dəfə müvəqqəti olaraq əvəz edib “istedad”ını ortaya qoymuşdu. Qəribə bir tip olduğundan, həm də belə insanın bir rayonun prokuroru olaraq insan taleyini həll etməsi səbəbindən, oxucular üçün maraq kəsb edəcək bəzi məqamları bildirmək istəyirəm. Təsəvvür edin ki, rayon prokuroru olasan və xidməti kabinetdə stolun üstünə eynən bu məzmun daşıyan bir lozunq qoyasan: “MƏNƏ NƏ ARZULAYIRSINIZSA, ONUN İKİQATINI SİZƏ ARZULAYIRAM!” Söylədiklərimə skeptik yanaşsanız, istənilən Ucar sakinini bir dəqiqəlik saxlayıb, bu barədə soruşun, əgər təsdiqləməsə, adımı dəyişməyə hazıram. Baxmayaraq ki, nevroloji problemləri olan şəxsin prokurorluq orqanlarında fəaliyyət göstərməsi bir qayda olaraq istisna edilir, amma bu adam on ilə yaxındır ki, prokuror olaraq iş başındadır. Bir dəfə Ucar rayon prokurorluğunun inzibati binasında E.Abdullayevin tabeliyində olan müstəntiqin xidməti kabinetini tərk edərkən qapını var gücü ilə çırpmasını, bu azmış kimi iki ayağını cütləşdirərək havaya qalxlb, yerə enməsini görəndə bir anlıq mənə elə gəldi ki, ruhi-əsəb dispanserindəyəm. Bundan bir müddət sonra Zərdabda xidməti kabinetdə məşğul olarkən hörmətli Süleyman Süleymanovun daxili telefonla zəng edib gülərək: “Rüfət, bu nədir, separat danışıqlara gedirsən? Elşən zəng edib deyir ki, sənin Ucara böyük müstəntiq getmənə xeyir-dua verim…”, – söyləməsi bir neçə dəqiqə gözlərimin bir nöqtəyə zillənməsinə səbəb oldu. Həmin vaxt düşündüm ki, görəsən, Allahın yanında hansı günahı işlətmişəm ki, belə birisi məndən xəbərsiz məni Ucara dəvət edir. Amma indi təəssüf edirəm. Gərək nəyin bahasına olursa-olsun gedəydim və məlum qərarı orda verərdim… Siz təsəvvür edin ki, bu adam öz köməkçisini şərləyib işdən qovdurdu, hələ üstəlik, həmin köməkçinin atası rəhmətə gedəndə digər işçilərin yas mərasimində iştirakına əngəl oldu… Bunları nəyə görə ifadə edirəm? Uzatmaq da olar, amma düşünürəm ki, kənardan bir cür görünən vəziyyətin əslindəsə ayrı cür olduğuna dair insanlarımızda təsəvvür yaranmalı və bir də aidiyyəti rəhbər vəzifəli şəxslərin kadr siyasətində bir dəyişiklik olmalıdır… Axı biz həm də deyirik ki, insanlara xidmət edirik…

Digər tərəfdən, həbs olunduğum gün Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev barəmdə cinayət işinin başlanılmasını cəmiyyətə elan etməkdən ötrü məxsusi olaraq mətbuat konfransı keçirmiş, “etdiyi ilə danışdığı arasında heç bir əlaqəsi olmayan, konkret törətdiyi əməllər barəsində istintaq işi aparılır” kimi içi boş bəyanat vermişdi. Həmin bəyanatı Kamran müəllim sağında əyləşən müavini İlqar Abbasovun yanında səsləndirmişdi. O İlqar Abbasov ki, konspirativ olaraq prokurorluq işçilərinin təyinatını yerliçilik prinsipi əsasında işləmişdir. O İlqar Abbasov ki, faktiki olaraq Baş idarənin rəisidir… Belədə formal rəis Kamran müəllimə yazığım gəlməkdən savayı əlimdən bir şey gəlmir!

– Rüfət Səfərovu aktiv siyasətdə görəcəyikmi?

– Əvvəlki çıxışlarımda da qeyd etmişəm, mənim şəxsi mənada hər hansı siyasi iddiam, politik kürsüyə meylim yoxdur. Müstəqil hüquqçu olaraq hüquq maarifçiliyi ilə məşğul olub, vətəndaşların pozulmuş azadlıqlarının müdafiəsində olmaq, baş verən qanunsuzluqları dilə gətirib, həlli üçün təklif və mülahizələri əsirgəməmək və s. kimi fəaliyyət siyasət anlayışına daxil edilirsə, hesab etmək olar ki, bəli, siyasətdə olacağam. Baxmayaraq ki, sadaladığım işlərlə məşğul olmaqdan ötrü siyasətçi deyil, məsuliyyətli vətəndaş olmaq da kifayət edir.

– Siz ölkədəki mövcud durumu, xususilə hüquq-mühafizə orqanlarında bərqərar olmuş acınacaqlı halları nəzərə alıb istefa etdiniz. Hər halda son aylarda səsləndirdiyiniz bəyanatlarda bunu açıq tekstlə ifadə etmisiniz. Maraqlıdır, Azərbaycanda mövcud hüquq sisteminin təkmilləşdirilməsi üçün hüquqşünas olaraq nələr düşünürsünüz?

– Həyatda ən asan məsələlərdən biri ixtiyari sahəni tənqid etmək, ən çətin məsələlərdən biri isə hər hansı sferanın müsbətə doğru dəyişdirilməsi üçün mülahizə və təklif irəli sürməkdir. Doğrudur, prokurorluq orqanlarında iş təcrübəm zəngin olmamış, ölkəmizin bir rayonunda beş ilə yaxın müddətdə müstəntiq olaraq fəaliyyət göstərmişəm. Lakin bu o demək deyil ki, Azərbaycanda bərqərar olmuş qeyri-qənaətbəxş istintaq-əməliyyat təcrübəsi barədə təsəvvürlərim yoxdur. Bu istiqamətdə başlıca müddəlara sahibəm. Həmin müddəlar əsasında üzərində işlədiyim konsepsiyanı ən yaxın müddətdə cəmiyyətin müzakirəsinə, heç şübhəsiz, ehtiyac duyularsa, hökumətə də təqdim edəcəyəm. Sənədi bitirər-bitirməz, imkan tanısanız, bu movzu ətrafında geniş söhbət edərik. Anons olaraq onu bildirə bilərəm ki, təklif edəcəyim həmin sənədin ana xətti Azərbaycanda mövcud olan xaotik, mərkəzləşdirilməmiş, qeyri-ağlabatan istintaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədardır. Vəziyyət o həddədir ki, ölkəmizdə arxaik sosialist istintaq sistemindən presedent huququnun müəyyən etdiyi istintaq işinə keçid baş tutmamışdır. Bunun üçün heç olmazsa, bir ara rüşvətdən, korrupsiyadan, səhərdən-axşamacan onun-bunun evini yıxıb həyatını məhv etməkdən və bu kimi işlərdən əl çəkib, Qərbi və Avropanı bir kənara qoyuram, qonşu Gürcüstanın təcrübəsini öyrənib effektli istintaq sisteminin təşkilindən ötrü təkliflər verib, mexanizmlər üzərində işləmək lazımdır…

– Son olaraq, atanız Eldar Sabiroğlu ilə münasibətləriniz nə yerdədir?

– Normaldan yuxarı həddədir, hərçənd ki, hörmətli Sabiroğlunun özünün də söylədiyi kimi, siyasi yollarımız ayrılıb. Siyasi münasibətlərimizdə çat baş versə də birgə ailə təsərrüfatımız daha da bütövləşib. Baxmayaraq ki, bu hal bizim cəmiyyətdə bir qədər paradoksal qarşılanır… Yeri gəlmişkən, 19-cu əsrdə yaşamış alman şair-yumoristi Vilhelm Buşun ata barədə qısa, lakin ibrətramiz bir fikri var: “Ata olmaq asandır, atalıq etmək çətin.” Bu mənada, hörmətli Sabiroğlu həm ata olub, həm də atalıq edib. Bunu dansam, Uca Tanrı məni dərmanı tapılmayan bir bəlaya düçar edər. Bu qədər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930