Morninqstar Mirşahininin də cavabını verdi

09.06.2014 - 01:59

“Mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm”
“Əgər vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsaonda ola bilsin ki, bunun
xoşagəlməz nəticələri ola bilsin”

“Mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm”
“Əgər vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsaonda ola bilsin ki, bunun
xoşagəlməz nəticələri ola bilsin”
 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli
səfiri Riçard Morninqstar bu gün ANS TV-nin “Hesabat” verilişində
Mirşahinin qonağı olub. Verilişin tam mətnini diqqətinizə çatdırırıq. 

Söhbətin bu yerində Azərbaycanın çox güclü strateji müttəfiqi olan
Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri
Riçard Morninqstar mövzusuna keçmək istəyirəm. Bəlkə də təqdimatım bir qədər qəribə alındı. Riçard Morninqstar
mövzusu… Və siz yanılmadınız, doğrudan da Azərbaycanda son zamanlar bir
Morninqstar mövzusu var. Və Azərbaycan-Amerika münasibətlərinin
formalaşmasında müstəsna rolu olan səfirliyin birincisinin bu gün ANS-in
studiyasında olması bir sıra suallara ondan cavab almaq imkanlarımızı
artırır və biz bu imkandan məmnuniyyətlə istifadə edirik. Yeri
gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirini hətta bu günlərdə Azərbaycanın
daxili işlərinə qarışmaqda günahlandırmışdılar. Elə mən bundan da
başlamaq istəyirəm. 

– Cənab səfir, siz Azərbaycanın daxili işlərinə niyə qarışırsınız? 

– Güman edirəm ki, siz mənim sonuncu müsahibəmə istinad edirsiniz, o,
çox diqqət cəlb etmişdi. Mən düşünmürəm ki, Azərbaycanın daxili
işlərinə qarışmışam. Azərbaycan suveren və müstəqil bir dövlətdir.
Azərbaycan müstəqil şəkildə öz qərarlarını qəbul edir və və biz ötən 23
il ərzində Azərbaycanın müstəqilliyini güclü şəkildə dəstəkləmişik.
Kənardan heç bir qüvvə, heç bir oyunçu, o cümlədən biz Azərbaycana nə
etməli olduğunu deyə bilmərik. Bunu etmək ixtiyarı yalnız Azərbaycan
hökumətində və Azərbaycan xalqındadır. Mənim niyyətim bu idi ki,
hal-hazırda Azərbaycanın üzləşdiyi bir sıra məsələlərə öz fikirlərimi,
baxışımı bildirim.

Mən hesab edirəm ki, mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə
uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm. Bəziləri
mənim dediklərimlə razılaşdı, bəziləri razılaşmadı. Amma mən hər bir
kəsin öz fikirlərini ifadə etmək hüququna hörmətlə yanaşıram. Və
müsahibədən sonra həm Azərbaycan hökuməti daxilində, həm də vətəndaş
cəmiyyətində doğru-düzgün müzakirələr hələ də davam etməkdədirsə, hesab
edirəm ki, bu, onu göstərir ki, bu müsahibəni verməyə dəyərdi. Mən
Azərbaycanın uzunmüddətli dostuyam, bunu hər kəs bilir. Mən 19 ildir ki,
Azərbaycana zaman-zaman fasilələrlə səfər etmişəm. Və bu ötən müddət
ərzində mən Azərbaycanda bir sıra sahələr üzrə çox böyük irəliləyişin
şahidi olmuşam. Mən tam əminəm ki, növbəti 20 ildə də bu irəliləyiş,
tərəqqi davam edəcək. Hesab edirəm ki, mənim müsahibəmə bü cür
reaksiyanın verilməsinin, göstərilməsinin əsas səbəbi bir çox mətbu
orqanlar tərəfindən zəif, qeyri-münasib, yanlış tərcümədir. 

Əlbəttə, burada söhbət ANS-dən getmir. Mən bu müsahibə ilə maraqlanan
hər kəsi bizim səfirliyin veb-saytında yerləşdirilmiş müsahibənin tam
stenoqramı ilə tanış olmağa çağırıram. Mən müsahibədəki məqamlara
aydınlıq gətirmək üçün bir şeyi əlavə etmək istəyirəm. Mənim müsahibəmin
yanlış yozumlarından birində belə deyilir ki, guya mən demişəm ki,
Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmazsa, müsbətə
doğru dəyişməzsə, Maydan hadisələri Azərbaycanda da təkrar olunacaq. Mən
bunu deməmişəm. Mənim müsahibədə dediyim sözlər bundan ibarətdir: “Əgər
vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsa, vətəndaş
cəmiyyətinə nəfəs almağa imkan yaradılmazsa, onda ola bilsin ki, bunun
xoşagəlməz nəticələri ola bilsin”. Bir daha müsahibəmdəki sitata
qayıtmaq istəyirəm: “Əgər bu, bu gün baş verməzsə, əgər vətəndaş
cəmiyyəti həddindən artıq sıxılarsa, azadlıqdan məhrum edilərsə, 5 il,
10 il və ya 20 il sonra bu dediyim xoşagəlməz nəticənin baş vermə riski
var”.

Mən keçmişdə də dəfələrlə, bu kimi, buna oxşar fikirlər ifadə
etmişəm. Hətta Maydan hadisələri baş verməsə belə mən eyni fikirləri
səsləndirərdim. Başqa sözlə desək, Azərbaycanın gələcək inkişafını və
sabitliyini təşviq etmək üçün vətəndaş cəmiyyətinin çiçəklənməsinə və
inkişaf etməsinə şərait yaratmaq lazımdır. Yenə də kimlərsə də bax, bu
fikirlə də razılaşmaya bilər. Və hər kəsin öz fikrini ifadə etməyə
haqqı-hüququ var. Amma mən həmin müsahibədə dediyim sözlərin, fikirlərin
arxasında dururam. 

– Yəni təhrif olunmamış versiyasının üzərində?

– Bəli, mən həqiqətən nə sözləri demişəmsə, o sözlərin arxasında
dururam və məhz buna görə də hamını, maraqlanan kəsləri həmin
müsahibənin stenoqramı ilə tam şəkildə tanış olmağa çağırıram. Bununla
tanış olan hər kəs görə bilər ki, doğrudan da çox balanslı fikirlərdir. 

– Cənab səfir, balans demişkən, bu müsahibədən sonra elə
ABŞ-ın apardığı siyasətin özündə balansın olmadığı barədə fikirlər
səslənməyə başladı. Məsələn, belə məlumatlar yayıldı ki, niyə Birləşmiş
Ştatlar Krıma daha çox diqqət yetirir, nəinki Qarabağa. Niyə Birləşmiş
Ştatlar Rusiyaya qarşı sanksiya tətbiq etməyin tərəfindədir və bunu ən
ciddi şəkildə tələb edir, amma eyni hadisənin müəllifi olan Ermənistana
Qarabağla bağlı bu sanksiyalar tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda
balans mövzusuna çox həssas yanaşırlar. Necə olur ki, Liviya ilə
qətnamənin icrasına bir neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq
Qarabağ və Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız
üzərində qalıb və heç bir nəticə yoxdur? Yaxud Yuqoslaviyada Birləşmiş
Ştatlar sülhməramlı əməliyyat üçün heç BMT-nin mandatını belə gözləmədi,
bu addımı atdı. Azərbaycanla bağlı məsələlərdə isə bu, faktiki olaraq
kağız üzərində qalır. Ümumiyyətlə, Birləşmiş Ştatlar sözdən işə heç cür
keçə bilmir ki, bilmir. Bütün bu ittihamlara, sizə, yəni Birləşmiş
Ştatlara edilən iradlara münasibətiniz necədir?
 

– Sizin mövqeyinizi başa düşürəm. Bəli, dedikləriniz fikirləri başa
düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə bağlı
Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir olandan,
hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə başlayandan bəri məcburi
köçkün ailələri ilə görüşmüşəm. Bu insanların öz doğma evlərindən bu
qədər uzun müddət ayrı qalmalarının nə qədər ağrılı hiss olduğunu
anlayıram. Biz hələ də belə hesab edirik ki, bu münaqişənin
nizamlanmasının ən yaxşı yolu Minsk Qrupu prosesi vasitəsi ilədir. Hesab
edirəm ki, biz ötən aylarda bu proseslə bağlı kifayət qədər fəal
olmuşuq. Biz birbaşa və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7
rayon Azərbaycana qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə
mümkündür. Bu 7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə
bizim mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın
yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi
əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz danışıqlar
yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə danışıqlar
aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız verdikləri vədə
əməl edərək yenidən görüşəcəklər və hər iki prezident konkret həllə nail
olmaq üçün konkret addımlar atacaqlar. Biz hər iki ölkənin xalqlarını
sülhün gətirəcəyi faydalar barədə düşünməyə çağırırıq. Bunu hal-hazırda
təmas xəttində baş verən faciəvi hallarla, eyni zamanda hazırkı
durğunluq və çıxılmaz dalan vəziyyəti ilə müqayisə etməyə və sülhün
üstünlüklərini görməyə çağırırıq. 

– Cənab Morninqstar, mən də elə bunu nəzərdə tuturam. Söhbət
bundan gedir ki, ABŞ Krım məsələsində Ukraynanın mövqeyini israrla
dəstəkləyir. Hətta bu yaxınlarda cənab Obama yeni seçilmiş Ukrayna
prezidenti Poroşenko ilə görüşdü. Amma onların ritorikasında heç
deyilmədi ki, Putinlə Poroşenko məsələni aydınlaşdırsınlar, biz sonra
onların gəldiyi qənaəti müdafiə edəcəyik. Və cəmiyyət Dağlıq Qarabağda
separatçıların tərəfindən çıxış etmək meyllərini də hiss edir. Necə olur
ki, separatçı “Dağlıq Qarabağ Respulikası”na Birləşmiş Ştatlar
milyonlarla vəsait ayırır? Separatçı “respublika”nın rəhbəri Birləşmiş
Ştatlara səfərə çıxır, telemarafon keçirir, pullar yığır? Belə bir
analogiya aparaq. Hesab edin ki, bin Laden öz maraqlarını müdafiə etmək
üçün gəlib Amerikada telemarafon keçirir. Yaxud keçmiş Yuqoslaviya
rəhbəri ABŞ-a gəlir? Məhz bunun səbəbləri bizi, daha doğrusu, məni bir
jurnalist olaraq narahat edir. Sizə elə gəlmir ki, ABŞ-ı, Qərbi ikili
standartlarla günahlandıran insanların da tutarlı arqumentləri var? 

– Bir daha sualınızın arxasında duran hissləri anlayıram, amma sual
içərisində apardığınız müqayisələrlə, analogiyalarla razılaşmıram. İlk
öncə ondan başlamaq istəyirəm ki, qondarma “Dağlıq Qarabağ
Respublikası”nı tanımaq Birləşmiş Ştatların siyasətinə daxil deyil. Bir
daha qeyd elmək istəyirəm ki, Dağlıq Qarabağın yekun statusu danışıqlar
vasitəsi ilə müəyyən ediləcək. Biz Dağlıq Qarabağ ərazisində yaşayan
insanlara müəyyən humanitar yardım göstərmişik. Bu, mənim keçmiş Sovet
İttifaqı ölkələrinə bizim ölkənin göstərdiyi yardım üzrə məsul şəxs
olduğum vaxta, yəni 1990-cı illərin ortalarına təsadüf edir. Mən sizi
əmin edirəm ki, bizim Azərbaycanda olan məcburi köçkünlərə göstərdiyimiz
yardımın miqyası və məbləği dediyimiz halla müqayisdə dəfələrlə çoxdur.
Bizim Dağlıq Qarabağada yaşayan insanlara göstərdiyimiz son yardım
əsasən ərazinin minalardan təmizlənməsi və içməli su layihələri ilə
bağlı olub. Bu ayrılan vəsaitin heç bir qismi oradakı de-fakto
hakimiyyətə təqdim edilmir, yalnız birbaşa layihələrin icrasına, həyata
keçirilməsinə həsr edilir. Birləşmiş Ştatlara səfər məsələsinə gəldikdə
isə, qeyd etmək istəirəm ki, de-fakto rəsminin Birləşmiş Ştatlara səfər
etməsi Birləşmiş Ştatların siyasətindən heç bir dəyişiklik və ABŞ-ın
həmin qurumu tanıması demək deyil. Eyni zamanda bu səyahət bizim ölkənin
bu nizamnamənin bu münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı
istəklərimizin heç bir şəkildə azalması mənasına da gəlmir. Bizim viza
tələbatlarımız bütün xarici, əcnəbi vətəndaşları üçün eynidir. Amma bir
daha vurğulamaq istəyirəm ki, bu, heç bir halda bizim ölkənin həmin
quruma qarşı siyasətində hər hansı bir dəyişiklik mənasını vermir və
bizim ölkənin həmin qurumu tanıması demək deyil. 

– Aydındır, başa düşdüm. Amma elə vizaların verilməsi ilə
bağlı deyirsiniz ki, bütün müraciət edən əcnəbi vətəndaşlar üçün
standart eynidir. Amma Krım məsələsində Rusiyanın bir sıra məsul
şəxslərinin adları arzuolunmaz adamlar siyahısına salındı və onların
ABŞ-a daxil olması, demək olar ki, qeyri-mümkün edildi. Amma Dağlıq
Qarabağ və Ermənistan insanlarına qarşı belə bir yanaşma görmədik. Sizin
dediyiniz fikri dəqiqləşdirmək üçün bu sualı verirəm… 

– Mən sizin məni öz suallarınızla, əlavə fikirlərinizlə məni
müqayisəyə çəkmək cəhdinizi təqdir edirəm, məhz cəhdinizi (gülür-red.),
amma yenə öz cavablarımda qalırım. 

– Onda təkrar eləməsin, anladıq. Nəhayət, keçirik sizin
Azərbaycanda olduğunuz müddətin qiymətləndirilməsi barədə
təəssüratlarımıza. Müddət başa çatır. Siz Azərbaycanda daha bir ay yarım
– iki ay qalacaqsınız və ölkəmizi tərk edəcəksiniz. Bu müddət ərzində
fəaliyyətinizdən və gördüyünüz işlərdən razı qaldınızmı və nə qədər razı
qaldınız? 

– Mən burda olduğum müddətdə öz fəaliyyətimindən çox razıyam. Bilirəm
ki, kifayətr qədər işlər görə bilmişik. Bu müddət ərzində biz
təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmişik. Biz dəfələrlə,
dönə-dönə, hər fürsətdə demişik ki, Azərbaycanın öz ərazisindən
Əfqanıstana və oradan geri yüklərin daşınmasında göstərdiyi töhfəyə
görə, Azərbaycan əsgərlərinin Əfqanıstanda beynəlxalq təhlükəsizlik
qüvvələri ilə çiyin-çiyinə fəaliyyətinə görə, bundan əlavə, beynəlxalq
qüvvələrin oradan çıxmasından sonra da Azərbaycanın Əfqanıstana yardım
göstərilməsi üzrə üzərinə götürdüyü öhdəliklərə görə öz təşəkkür və
minnətdarlığımızı bildiririk. Biz təhlükəsizlik və terrorizmlə mübarizə
sahəsində çox sıx əməkdaşlıq etməkdə davam edirik. Dağlıq Qarabağ
məsələsinə gəldikdə mən yenə əvvəlki kimi öz fikrimdə qalıram ki, Dağlıq
Qarabağ məsələsini sülh yolu ildə nizamlanmasında son dövrlərə bizim
fəaliyyətimiz artıb.

Biz iqtisadiyyat sahələrində, iqtisadiyyatın enerji sahəsində çox sıx
əməkdaşlıq eləmişik. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı digər
sahələrədə də böyük irəliləyiş əldə etmişik. Keçən ilin dekabr ayında
“Şahdəniz-2” layihəsi ilə bağlı yeni investisiya qərarının qəbul
edilməsi üzrə biz çox sıx əməkdaşlıq etmişik, birgə işləmişik.

Bundan əlavə olaraq 10-12 sahənin adını çəkə bilərəm ki, orada sıx
əməkdaşılıq etmişik. Demokratiya və insan haqları ilə bağlı məsələlərdə
də irəliləyiş əldə edilib. İnsan alveri ilə bağlı sahədə də müəyyən
qədər irəliləyişlərə nail olmuşuq. Fikir ayrılıqlarına baxmayaraq bütün
bu məsələlər barədə ölkələrimiz arasında çox sağlam və vacib müzakirələr
aparılır. Mən çox güclü şəkildə inanıram ki, tərəfdaşlar arasında fikir
ayrılığına rəğmən açıq müzakirələr və fikir mübadiləsi olmalıdır.
Demokratiya və insan haqları sahəsində fundamental məsələlərə məhz bu
prizmadan yanaşıram. Mən yalnız gələcəyə doğru baxdıqda Azərbaycanın
gələcək inkişafını və tərəqqisini görürəm. Mənim burada ümumi
fəaliyyətimlə bağlı, səyahət etdiyim müxtəlif bölgələrlə bağlı, orada
insanların mənə və həyat yoldaşıma qarşı çox istiqanlı və insanpərvər
münasibəti ilə əlaqədar olaraq təəssüratlarım və hisslərim var.
Bildiyiniz kimi, mən həmişə nə hiss edirəmsə, onu da deyirəm. 

– Bəs “Transxəzər” layihəsi ilə bağlı hansısa bir irəliləyişə
nail olundumu? Türkmənistanın mövqeyini yaxınlaşdırmaq istiqamətində…
Siz bu barədə bizə pozitiv nəsə bir şey deyə bilərsinizmi? Mənə elə
gəlir ki, Qərb bu layihədə daha aktiv olmalı idi. 

– Onu qeyd etmək istəyirəm ki, biz hələ də “Transxəzər” layihəsini
güclü şəkildə dəstəkləyirik. Burada müəyyən həvəs doğuracaq amillər var.
Son dövrlərdə Türkmənistanla Azərbaycan arasında təmasların artması,
həmin prosesə Türkiyənin cəlb olunması məni ruhlandırır. Hesab edirəm
ki, “Transxəzər” kəməri ilə bağlı məsələlər Azərbaycan, Türkmənistan və
xüsusilə qazın alıcısı olacaq Avropa Birliyi arasında danışıqlar
vasitəsi ilə həll edilməlidir. Aydındır ki, Türkiyə və Gürcüstan kimi
ölkələrdə prosesə cəlb olunmalıdır. Nə baş verəcəyini yaşayıb görəcəyik.
Hesab edirəm ki, “Şahdəniz-2” ilə bağlı ilkin investisiya qərarının
verilməsi və cənub qaz dəhlizinin gerçəkləşdirilməsi digər əlaqədar
tərəfləri, o cümlədən Türkmənistanı prosesdə iştiraka həvəsləndirəcək.
Amma bunun üçün yenə də xeyli iş görülməli olacaq. 

– Təşəkkür edirəm cənab səfir, studiyamıza gəlib, mənə elə gəlir ki, o qədər də sadə olmayan suallarımıza cavab verdiniz. 

– Mən də razıyam ki, suallar o qədər də sadə deyildi. Mirşahin bəy,
sizə də təşükkür edirəm. Hər dəfə sizinlə görüşmək və suallarınıza cavab
vermək xoşdur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8292

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930