Milli Şuradan Avropa Birliyi ilə bağlı mühüm sənəd

24.06.2014 - 13:36

Ölkə ictimaiyyəti Assosiasiya sazişinə qoşulmağı tələb edən bəyannamə imzaladı

Ölkə ictimaiyyəti Assosiasiya sazişinə qoşulmağı tələb edən bəyannamə imzaladı

İyunun 23-də Milli Şuranın təşəbbüsü ilə Azərbaycan ictimaiyyəti
adından ölkənin Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına
çağıran bəyannamə təqdim olundu. Təqdimat mərasimində Milli Şura üzvləri
və ictimaiyyət nümayəndələri iştirak edərək, sənədlə bağlı fikirlərini
bölüşdülər.

Avrasiya İttifaqımı, Avropa Birliyimi? 

İlk çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli oldu. Cəmil Həsənli
bildirdi ki, iyun 27-də post-sovet məkanın böyük bir coğrafiyası –
Ukrayna, Moldova və Gürcüstan respublikaları Şərq Tərəfdaşlığı sazişini
imzalayacaq və bununla da Avropa Birliyinin sərhədləri ikinci dəfə Şərqə
doğru addımlar atmış olacaq: “Birinci mərhələdə daha çox keçmiş
sosialist və pribaltika ölkələri bu birliyin müxtəlif proqramlarında
iştirak edirdilər və birliyin üzvü oldular. İndi yeni bir dövlət
qrupunun Avropa Birliyinə inteqrasiya olunması məsələsi gündəmə gəlib.
Bizim düşüncəmizə görə, Azərbaycan da bu ölkələrin içərisində olmalı
idi. Yəni, bütövlükdə Şərq Tərəfdaşlığı sazişi qeyd etdiyim ölkələrlə
bərabər bizə də təklif edilmişdi. Bir sıra rəsmi məlumatlarda bu təklif
inkar edilir. Avropa Birliyinin yaxın günlərdə rəhbərliyinin Bakıya
səfəri zamanı mətbuat üçün xüsusi açıqlamada bildirildi ki, Ukraynaya,
Moldovaya və Gürcüstana olunan təkliflər Azərbaycana da edilib. Bu
prosesin gedişində ciddi çətinliklər var. Biz bunu anlayırıq. Ancaq eyni
zamanda bu çətinliklərdən çıxışların yolu barədə də düşünmək lazımdı.
Biz hesab edirik ki, bu yol Avropa Birliyinin Şərq Tərəfdaşlığı
proqramına inteqrasiya olunmaqdan ibarətdir. Son zamanlar Azərbaycana
xarici ölkələrin dövlət başçılarının, beynəlxalq təşkilatlarının
rəhbərlərinin səfərləri artıb. Bu daha çox seçim anının müəyyən
edilməsiylə bağlıdı. Yalnız son iki həftə ərzində Rusiyanın yüksək
vəzifə sahiblərinin də Azərbaycana səfərlərinin müşahidə etmişik. Bu
səfərlər dalğası hələ də davam etməkdədi. Avrasiya İttifaqımı, Avropa
Birliyimi? Seçim bundan ibarətdir. Azərbaycan hansı yolla getməlidi?”.

“20 il bir ölkənin öz yolunun müəyyənləşməsi üçün kifayət qədər böyük bir vaxtdı”

 

Milli Şura sədri deyir ki, Azərbaycan öz yolun hələ 1918-ci ildə
müəyyən edib: “Bizim qurucu babalarımız Azərbaycan Cümhuriyyətini
yaradanda o dövləti sivil dünyanın içərisəndə, Avropa məkanında
gördüklərini bəyan etmişdilər, bunun uğrunda mübarizə aparmışdılar.
Nəticə etibarı ilə Azərbaycan Birinci Dünya Müharibəsindən sonra ilk
Türk-Müsəlman Cümhuriyyəti olaraq 1920-ci ilin yanvarın 11-də Versal Ali
Şurası tərəfindən tanınmışdı. Yəni, həmin tarixdən etibarən Avropanın
bir hissəsi olmuşdu. Azərbaycan müstəqilliyinin bərpasından sonra da bu
istiqamətdə addımlar atılıb. Həm BMT-nin, həm ATƏT-in üzvlüyünə qəbul
olunmuşdu və bir sıra beynəlxalq təşkilatlara inteqrasiya siyasəti
götürülmüşdü. Ancaq son 10 ildə Avrointeqrasiyadan bu və ya digər
formada çəkilmə müşahidə edirik. Ümid bəsləyirdik ki, Avropa Şurasında
Azərbaycanın mövcudluğu Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyasında
böyük bir addım olacaq. Təəssüflər olsun ki, biz bunun əksini gördük.
20 ildir ki, müstəqilik. Bu 20 il bir ölkənin seçim etməsi, öz yolunun
müəyyənləşməsi üçün kifayət qədər böyük bir vaxtdır”. 

Cəmil Həsənlinin fikrincə Azərbaycan hakimiyyətin nəzərdə tutur ki,
biz Avropaya neft, qaz və başqa yanacaq, energetika məhsulları
satırıqsa, bunun əvəzində Qərb bizim antidemokratik, antihumansit
əməllərimizə, seçki saxtakarlığımıza göz yummalıdır, ölkənin içərisində
bizə fəaliyyət azadlığı verməlidi: “Əlbəttə, bu Azərbaycan xalqı,
Azərbaycan milləti üçün sərfəli yol deyil. Buna görə də biz Azərbaycanın
Avropaya inteqrasiyasının zəruriliyi barədə biz bəyannamə hazırladıq və
bununla əlaqədar olaraq respublika ictimaiyyətinə, siyasilərə,
QHT-lərə, gənclər və hüquq müdafiə təşkilatlarına, ziyalılara müraciət
etdik. Qısa zamanda 85 nəfər bu bəyannaməni imzayıb. İndinin özündə də
bəyannaməyə qoşulanlar var”.

“Bu prosesdən qalib gələcək əsas subyekt Azərbaycan xalqıdı”

 

AXCP sədri Əli Kərimli imzalanan bəyannamənin mahiyyətindən
danışarkən qeyd etdi ki, bu sənədi imzalayan siyasilərin, vətəndaş
cəmiyyəti nümayəndələrinin mövqeyi Azərbaycan tezliklə assosativ sazişi
imzalamalıdı: “Niyə görə biz bu qərara gəlmişik? Biz qərara almışıq ki,
Azərbaycan dövləti olaraq qurulanda belə Avropada formalaşmış dəyər və
prinsiplər əsasında qurulmuşuq. O zamanda xalq cümhuriyyətinin əsas
strateji xətti müasirləşmək, Avropaya inteqrasiya olub. İkincisi, biz
nəzərə alırıq ki, Avropa Birliyi indiyə qədər bir neçə dəfə qətnamələr
qəbul edib. Avropa parlamentində və Azərbaycanın bütövlüyünə güclü
dəstək verib. Bunu nəzərə alırıq biz. Üçüncüsü, Avropa Birliyi elə bir
qurumdur ki, o üzvlərinin müstəqilliyini əlindən almadan onlar istənilən
vaxt oranı tərk edə bilirlər, istənilən vaxt qərarlarını qəbul edə
bilirlər. Ancaq həmin üzvlərinin inkişafına xidmət edir. Nəhayət, ən
vacibi isə odur ki, Avropa Birliyilə inteqrasiya, xüsusən Assosativ
sazişin imzalanması bizi həyatın ən müxtəlif  sahələrində vergidən,
gömrükdən tutmuş hətta kənd təsərrüfatı, bank işi, avtomobil yollarının
tənzimlənməsi, qanunvericilik, seçki, məhkəmə sistemi, təhsil, səhiyyə
bir sözlə Avropa Birliyində can atdığımız yüksək standartlara
yaxınlaşdıracaq. Biz açıq bəyan edirik ki, bu seçimi edən zaman kiminsə
xatirinə, kiməsə xoş gəlmək üçün yox, Azərbaycan xalqının daha yaxşı
həyata yetişə bilməsi üçün edirik. Bu prosesdən qalib gələcək əsas
subyekt Azərbaycan xalqıdı”.

“Siyasi məhbuslar azad olunmalı, demokratik islahatlar başlanmalıdır”

AXCP sədri deyir ki, Azərbaycan Rusiyanın rəhbərliyi ilə formalaşan
Avrasiya İttifaqına sürüklənməyə qoşulur: “Azərbaycana müxtəlif yollarla
– həm həvəsləndirmə, həm təzyiqlərlə bu birliyə cəlb etmə səyləri var.
Bu birlik Azərbaycanın nə siyasi, nə iqtisadi maraqlarına uyğundu.
Azərbaycanın ixracatının yalnız 4 faizi, idxalatının 18 faizi bu
birliyin üzvü olan ölkələr aiddi. Əgər iqtisadi birlikdirsə, bizim burda
olmağımızın heç bir əsası yoxdur. Sadəcə bu faktla mövzunu qapatmaq
lazımdı”. 

Əli Kərimlinin sözlərinə görə, Azərbaycan hökuməti assosativ sazişi
imzalamaqdan ötrü iki mühüm addım atmalıdı: “Azərbaycan hökumətindən
bizi eşidən, tərəfdarımız olan minlərlə, yüzminlərlə insanın adından
tələb edirik ki, nəhayət bu Assosasiya sazişini imzalayacağını bəyan
etsin. Biz bəyannaməylə tələb edirik, vaxt gələcək başa düşməsələr
mitinqlərlə bunu tələb edəcəyik. Bu bizim – Azərbaycan xalqının böyük
bir kəsiminin tələbidi. Biz assosiya sazişinin imzalayacağının açıq
bəyan olunmasını istəyirik. Azərbaycan hökuməti siyasi mövqeyini
bildirsin. Bu barədə siyasi bəyanatınızı verin ki, sazişi imzalamağa
hazırsınız, siz Azərbaycanın avrointeqrasiyadan qarşısını
almayacaqsınız. Biz bunu tələb edirik. Azərbaycan bu sazişi imzalamaqdan
ötrü iki mühüm addım atmalıdı. Biri ondan ibarətdir ki, 18 illik
uzadılan danışıqlardan sonra Azərbaycan dünya təşkilatına üzv olmalı,
ikincisi bugünki rejim şəraitində Avropaya inteqrasiyamız real söhbətə
oxşamır. İlk növbədə siyasi məhbuslar azad olunmalıdır, digər demokratik
islahatlar başlanmalıdı və bundan sonra Azərbaycanın Avropaya
inteqrasiyasına zəmin yaranacaq”. 

“Hakimiyyət Azərbaycan vətəndaşına, dövlətinə xidmət etməlidi”

KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan hökumətinin qorxaq,
amansız və şanslı olduğunu söylədi: “Azərbaycan hakimiyyəti qorxaqdı,
vətəndaş olaraq bunu gözəl bilirik. Amansızdı öz vətəndaşına qarşı –
bunu hər kəs bilir. Şanslıdı, hər zaman qəribə bir bəxti gətirir ki, bu
və ya digər hallarda biz dolayı yolla da olsa hakimiyyətə dəstək oluruq.
Azərbaycan naminə dəstək oluruq, ona bir yol göstəririk, əl uzadırıq,
mesaj veririk, hesab edirik ki, Azərbaycan naminə bu addımlar
atılmalıdı. Seçim qarşısında olan Azərbaycan hakimiyyəti də doğru,
dürüst nəticə çıxarmalıdı. Azərbaycan vətəndaşına, Azərbaycan dövlətinə
xidmət etməlidi”. 

“AB-nin Ukrayna, Gürcüstan və Moldavanın ərazi bütövlüyü ilə Azərbaycanın ərazi bütövlüyünə münasibəti eynidir”

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin
Hacıbəyli dedi ki, iyunun 27-də baş tutacaq imzalanma mərasimi bizim
Avropa inteqrasiya yolumuzun önün açan hadisə olacaq: “Bundan sonra
Azərbaycan cəmiyyəti, demokratik kəsimi daha çox öz qüvvələrini səfərbər
etməlidi. Azərbaycanda avrointeqrasiya tərəddüd edən insanlar ən çox
sığındığı yer Qarabağ məsələsidi. “Qarabağ məsələsini Rusiya həll edə
bilər”, “Qarabağ problemini açarı Rusiyanın əlindədi”, “Avropaya
getməklə Qarabağı itirəcəyik”, “Ukraynada nələr baş verdi onu gördük”
deyirlər. Bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun
Azərbaycana səfəri öz diliylə cəmiyyətimizin bir kəsimində olan bu
illuziyalara son qoydu. Bildirdi ki, Dağlıq Qarabağ beynəlxalq bir
konfiliktdi və bunun həllini hamıdan gözləmək düzgün deyil. Bununla da o
opponentlərimizin Avrointeqrasiyaya ləngiməyimizin sığındıqları yeganə
arqumenti də darmadağın oldu. Bundan əlavə Avropa Birliyinin Dağlıq
Qarabağla bağlı kəskin mövqeyi var. İşğal olunmuş ərazilərin bərpa
olunmasını bəyan edib. Avropa Birliyinin Ukraynanın, Gürcüstanın,
Moldavanın ərazi bütövlüyünə olan münasibətlə Azərbayacanın ərazi
bütövlüyünə münasibəti arasında heç bir fərq yoxdu”. 

İbrahim İbrahimli isə hesab edir ki, Azərbaycan hakimiyyətin siyasi
cəhətdən Rusiyaya, iqtisadi cəhətdən Qərbə bağlı olduğundan müstəqil
siyasət yürüdə bilmir: “20 ildən artıq “balanslaşdırılmış siyasət” və bu
siyasət geosiyasi konyuktura üzərində qurulduğuna görə dünyada baş
verən proseslərin sürəti təbii ki, konyukturanın sürətlə dəyişməsinə
səbəb olur. Buna görə də Azərbaycan hakimiyyəti özünü qoruyur. İndiyə
qədər dövlət maraqlarından deyil, şəxsi maraqlardan çıxış edərək
Rusiyaya Amerika müstəvisində manevr etməklə özünün şəxsi hakimiyyətini
qoruyurdu. İndi manevr imkanları tükənir. Artıq növbəti bir mərhələ
gələn ilin yanvar ayında Praqa sammitində olacaq. Bu sammitdə
Azərbaycanın qarşısına daha ciddi seçim etmək tələbi qoyulacaq”.

Tanınmış vəkil Namizəd Səfərov deyir ki, çıxışına Ukrayna
hadisələrindən başladı. O qeyd etdi ki, Ukrayna Rusiya meyilli bir mövqe
nümayiş etdirdi, öz cəmiyyətiylə razılaşmadı, nəticədə belə bir
arzuolunmaz hal baş verdi, inqilab oldu: “Bir daha təsdiq olundu ki,
Ukraynanın Avropaya inteqrasiyadan başqa yolu yoxdu. Biz də öz
növbəmizdə Ukrayna hadisələrindən dərs götürməliyik. Yeganə, düzgün
yolun Avropaya inteqrasiya olduğunu qəbul etməliyik”.

Namizəd Səfərovun fikrincə hakimiyyət üzünü Rusiya tərəf yönəldir:
“Çünki yaxşı bilir ki, törətdiyi əməllərə görə gələcəkdə yayınmaq üçün
 yolu şərqə üz tutmaqdı. Avropaya yaxınlıq isə istər-istəməz bir
zamanlar onun törətdiyi əməllərə görə xalqın qarşısında cavab verməli
olacaq. Öz mövqeyimizi həm bu bəyanatda, həm də hadisələrin sonrakı
gedişində ortaya qoymalıyıq”.

Bəyannamədə deyilir:

Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti fəalları, azad mətbuatın təmsilçiləri, gənc fəallar

– Hələ 96 il bundan əvvəl Azərbaycan Demokratik Respublikasının
qurucularının cəmiyyətimizin müasirləşməsini əsas ikişaf
istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, dövlətimizin Avropadan
yayılmış demokratik dəyərlər və prinsiplər əsasında qurulduğunu;

– Avropa Birliyinin (AB) bu quruma üzv olan, eləcə də onunla
Assosiasiya Sazişi imzalayan dövlətlərin inkişafı üçün müstəqilliklərinə
təhlükə yaratmadan geniş imkanlar açdığını;

– Avropa Parlamentinin Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ərazi
bütövlüyünə dəstək verən qətnamələr qəbul etdiyini, AB-nin bu
münaqişənin tezliklə, sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri
əsasında həllinə tərəfdar çıxdığını;

– AB-nin Şərq Tərəfdaşlığı Proqramı iştirakçısı olan dövlətlərə
təklif etdiyi Assosiasiya Sazişinin bu dövlətlərdə siyasi, iqtisadi,
hüquqi islahatları sürətləndirə biləcəyini nəzərə alaraq, bəyan edirik:

1. Azərbaycanın AB ilə Assosiasiya Sazişi imzalaması xalqımızın
demokratik, hüquqi dövlət qurmaq arzusuna tamamilə uyğundur. Bu sazişin
imzalanması Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına,
azad ticarətin və bütövlükdə iqtisadiyyatın inkişafına, əhalinin sosial
müdafiəsinin güclənməsinə, müstəqil məhkəmə hakimiyyətinin
formalaşmasına, demokratik seçkilərin keçirilməsinə, təhsil və
səhiyyədən tutmuş gömrük, vergi xidmətlərinin, bank işinin təşkilinə
qədər bir çox sahələrdə AB-də mövcud olan yüksək standartlara
yaxınlaşmağımıza əlverişli zəmin yaradacaq.

2. Azərbaycan hökuməti tərəfindən AB-yə təklif olunan Strateji
Müasirləşmə Tərəfdaşlığı sənədi indiyə qədər ölkəmizlə AB arasında
praktik olaraq həyata keçirilən strateji tərəfdaşlığı nizama salsa da,
Assosiasiya Sazişini əvəz edə bilməz.

3. Ölkəmizin geopolitik seçimində hər hansı şəxs və qrupların, eləcə
də digər dövlətlərin marağı deyil, dövlətimizin müstəqilliyini qorumaq,
xalqımızın uzunmüddətli azadlıq və rifahına nail olmaq əsas
götürülməlidir. Bu baxımdan Rusiyanın müxtəlif vasitələrlə Azərbaycanı
Avrasiya İqtisadi Birliyinə cəlb etməyə çalışması bizi narahat edir.
Bildiririk ki, uzunmüddətli iqtisadi və siyasi fayda vəd etməyən bu
birlik daha çox Rusiya rəhbərliyinin cari maraqlarını təmin etmək
məqsədilə yaradılır. Bu birlikdə təmsil olunmaq Azərbaycanın dövlət
müstəqilliyini sarsıdar, siyasi və iqtisadi inkişafını ləngidər. Ona
görə də Azərbaycan bu birlikdə iştirak edə bilməz.

4. Azərbaycan hökuməti öz şəxsi və qrup maraqlarını ümumxalq
maraqlarından üstün tutmaq ənənəsinə son qoymalı, xalqımızın köklü
maraqlarını nəzərə alaraq AB ilə Assosiasiya Sazişi imzalayacağını bəyan
etməli, bu məqsədlə AB ilə ilə aparılan müvafiq danışıqları
intensivləşdirməli, 18 il müddətində süni şəkildə uzadılmış danışıqları
nəhayət, başa çatdıraraq ölkəmizin Dünya Ticarət Təşkilatına üzv qəbul
olunmasını təmin etməli, Azərbaycanın Avropaya yolunun açılması üçün
ölkədəki siyasi məhbusları tezliklə azad etməli, hərtərəfli siyasi
islahatlara başlamalıdır.

İmzalar:

1. Aqil Səmədbəyli, “Bütöv Azərbaycan Birliyi”nin Mərkəzi Şurasnın sədri

2. Arif Hacılı, Müsavat partiyası Mərkəzi Qərargahının rəhbəri

3. Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Milli Komitısinin həmsədri 

4. Aslan İsmayılov, vəkil 

5. Aygün Pəncəliyeva, NİDA Vətəndaş Hərəkatı

6. Aytəkin İmranova, “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri

7. Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi  

8. Bəxtiyar Hacıyev, keçmiş vicdan məhbusu

9. Bəybala Əbil, KAXCP sədrinin müavini

10. Ceyhun Məmmədzadə, Azad Gənclik Təşkilatı

11. Cəmil Həsənli, Milli Şura sədri

12. Cəsur Məmmədov, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi  

13. Elçin Sadıqov, vəkil

14. Eldəniz Quliyev, kinorejissor

15. Elmira Muradəliyeva, professor

16. Elnur Astanbəyli, jurnalist

17. Elton Quliyev, vəkil

18. Emin Hüseynli, hüquq müdafiəçisi

19. Emin Milli, keçmiş vicdan məhbusu, “Meydan” TV

20. Əbülfəz Qurbanlı, AXCP sədrinin müavini

21. Əfqan Muxtarlı, jurnalist

22. Əli Abbasov, professor

23. Əli Kərimli, AXCP sədri

24. Əlövsət Əliyev, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti 

25. Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqçular Assosiasiyası

26. Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi 

27. Fuad Ağayev, vəkil

28. Fuad Həsənov, Demokratiya Monitoru

29. Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini 

30. Gözəl Bayramlı, AXCP sədrinin müavini 

31. Gültəkin Hacıbəyli, keçmiş millət vəkili

32. Günay İsmayılova, hüquqşünas

33. Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi

34. Həsən Kərimov, AXCP Ali Məclisinin sədri 

35. Hikmət Hacızadə, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi

36. İbrahim İbrahimli, Milli Şura Koordinasiya Mərkəzi

37. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti

38. İsa Qəmbər, Müsavat partiyasının başqanı

39. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

40. Leyla Yunus, hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutu

41. Lətafət Məlikova, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi

42. Kamil Vəli Nərimanoğlu, professor

43. Mahmud Hacıyev, Milli Şura üzvü

44. Mehman Əliyev, Turan İnformasiya agentliyinin direktoru

45. Mehriban Vəzir, yazıçı-publisist

46. Məlahət Nəsibova,  hüquq müdafiəçisi

47. Mətanət Əzizova, Qadın Krizis Mərkəzi

48. Mirəli Hüseynov,  “Demokratiyanı Öyrənmə” İctimai Birliyi

49. Mirmahmud Mirəlioğlu, KXCP sədri

50. Mirvari Qəhrəmanlı, Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyi

51. Müzəffər Baxışov, “Hüquqi dövlət” Araşdırmaları Fondunun rəhbəri  

52. Namizəd Səfərov, hüquqşünas

53. Natiq Cəfərli, REAL Hərəkatı

54. Nərmin Rəhimli, Müsbət Dəyişiklik Gənclər Hərəkatı

55. Nurəddin Məmmədli, elmlər doktoru AXCP

56. Nurəddin Mustafayev, Milli Şura Koordinasiya Mərkəzinin üzvü 

57. Oqtay Gulalıyev, Demokratik İslahatlar Uğrunda Cəmiyyət

58. Qələndər Muxtarlı, Milli Şura üzvü

59. Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzi

60. Qulu Məhərrəmli, professor (qeydi var)

61. Rafiq Manaflı, VHP Ali Məclisinin sədri 

62. Rahim Hacıyev, “Azadlıq” qəzetinin baş redaktor əvəzi

63. Rasim Qaraca, yazıçı (qeydi var)

64. Razi Nurullayev, “Region” beynəlxalq araşdırmalar mərkəzinin direktorudur

65. Rəsul Cəfərov, Huquqi Mudafiə və Maarifləndirmə Cəmiyyəti  

66. Rəşad Şirinov, politoloq

67. Rəşid Hacılı, Media Hüququ İnstitutu

68. Rövşən Almuradlı, rejissor

69. Rövşən Əhmədli, Millli Şura KM üzvü

70. Rövşən Hacıyev, jurnalist

71. Rüstəm İbrahimbəyov, kinorejissor, Oskar mükafatçısı

72. Sabir Rüstəmxanlı, VHP sədri (qeydi var)

73. Samir Kazımlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 

74. Sülhəddin Əkbər, Azad Demokratlar Partiyası

75. Vidadi Mirkamal, Hüquqşünas

76. Xalid Ağaliyev, hüquqşünas

77. Xədicə İsmayıl, jurnalist

78. Şahin Hacılı, Nəcəf Nəcəfov Fondu 

79. Şahvələd Çobanoğlu, jurnalist

80. Şəhla İsmayıl, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti

81. Yeganə Hacıyeva, politoloq

82. Zamin Hacı, jurnalist

83. Zəfər Quliyev, politoloq

84. Ülvi Həsənli NİDA gənclər hərəkatı

85. Məşədi Natiq Kərimov Nardaran Ağsaqqalar Şurasının sədri

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8831

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930