Gəncə olayının gerçək üzü

27.09.2018 - 23:36

3 iyul, axşam çağı, Azərbaycan Respublikasının ikinci iri şəhəri olan Gəncədə, çox səs-küylü hadisə baş verdi. Yunis Səfərov adlı bir gənc, gəncəlilərə qarşı bütün bu illəri saysız təhqir və həqarətlərə yol verən, icra başçısı Yelmar Vəliyevi güllələyərək, bu qədim şəhərin əhalisinin intiqamını aldı. Hadisə zamanı Yelmar Vəliyev ağır yaralanıb, cangüdəni olan polis serjantı isə qətlə yetirilib. Biz Azərbaycandakı hadisələrin bu cür inkişaf etməsini təqdir etmirik, və düşünürük ki, bütün problemlər sivil yolla öz həllini tapmalıdır. Amma qeyd etməliyik ki, bütün baş verənlərdə, ölkədə yaranmış vəziyyətdə, və hadisələrin bu istiqamətdə cərəyan etməsində, səbəbkar və təqsirkar məhz mövcud Əliyev rejimidir. Bakı rejimi ölkədə bütün demokratik təsisatları, vətəndaş cəmiyyəti strukturlarını, azad mətbuatı məhv edərək, öz hakimiyyətinin ilk günlərindən bütün səviyyələrdəki seçkiləri saxtalaşdıraraq, demokratik yolla seçib-seçilmək imkanların yox edərək, cəmiyyətdəki narazılığın fəalların uydurulmuş ittihamlarla uzun müddətli həbslərə məhkum edərək, məhkəmələrə sifarişlə qərarlar qəbul etdirərək, xalqın öz istək və arzularını, problemlərini sivil yolla səsləndirməyin qarşısın tamamı ilə almışdır. Bu cür halların baş qaldırması gözlənilən idi. Naxçıvan klanı rəqiblərinin hamısını radikallıqda ittiham etsədə, əslində ölkədə ən radikal və kompromissiz mövqe tutan məhz bu hakimiyyətdir. Rejim cəmiyyətdəki heç bir qüvvəyə qarşı güzəştə getmir. Müxalifətə, dindarlara, qeyri-türk qövmlərə münasibətdə zərrə qədər kompromisə yol vermir və bütün fərqli fikirlərə, tənqidlərə qarşı tamamən qəbuletməz mövqe tutur, və bu cür fikirləri səsləndirənlər ən ağır repressiyalara məruz qalır. Əliyev rejiminin zindanlarından yüzlərlə ictimai-siyasi fəal və vicdan məhbusu keçib, hal-hazırda da 160-dan çox siyasi və vicdan dustağı var. Onlarla rəqib qətlə yetirilib. Yüzlərlə fəal mühacirət edərək ölkəni tərk edib. Bu cür münasibət həqiqətdə bütün ölkə vətəndaşlarına qarşı yönəlib, kiminə çox, kiminə az. Xalqın böyük əksəriyyəti səfalət girdabında, hər növ hüquqsuzluq içində süründükləri halda, ölkə, Əliyevlər başda olmaqla, bir neçə ailə tərəfindən durmadan talan olunur. Ara-sıra baş qaldıran narazıların etirazına qarşı münasibətdə də ciddi ögəy-doğmalıq var. Yadımdadır ki, hələ H.Əliyevin sağlığında, 2000-ci illərin əvvəllərində, Bakının Nardaran qəsəbəsində, Naxçıvanın Nehrəm qəsəbəsində, və Şəki şəhərində əhali etirazları oldu. Nardaran və Şəkidəki narazılıqları ordu və silah gücünə dağıdan Əliyev, Nehrəmdən olan ağsaqqalları qəbul edərək, əhalinin nədən narazı olduqların dinlədi və problemi sülh şəraitində həll etdi. Hətta, o vaxt, Şəkidən olan xalq şairi Bəxtiyar Vahabzadə etiraz etdi ki, – bu cür ayrı-seçkilik nəyə lazım, məgər Şəkinin ağsaqqalları yoxmudur ki, Əliyev onları da qəbul etsin və narazılıqları sivil, danışıqlar yolu ilə həll etsin?! Çox təəssüf ki, Azərbaycan Respublikası uzun illərdir ki, dövlətçilik təfəkküründən uzaq, radikal yerlibazlıq düşüncəsinə malik ünsürlər tərəfindən idarə olunur. Bu şəxslər üçün bir-iki region nümayəndələrinin maraqları hər şeydən üstündür. Naxçıvanlılar və yerazlar üçün yaradılan şərait, digər bölgələrin nümayəndələri üçün yaradılmır. Gəncədə baş verən hadisələr də bu cür siyasətin təzahürləridir. Gəncəlilər də bütün bu illəri ayrı-seçkiliyə, ögəy münasibətə məruz qalmış vətəndaşlardandırlar ki, hər addım başı ləyaqət və qürurları təhqir olunub və sonda bu qisas aktı meydana gəlib. Mən öz doğma Lənkəranımın və Talış regionumun timsalında gəncəlilərin hisslərini tam anlayıram. Gəncə hadisələrindən sonra da, Əliyev hakimiyyəti, Quba və İsmayıllı hadisələrindən nəticə çıxararaq, azca müdriklik göstərmək əvəzinə, Gəncə ağsaqqalları ilə görüşüb, məsələlərin köklü həllinə çalışmaq yerinə, öz tayfalarının nümayəndısi olan Yelmar Vəliyevin müdafiəsinə qalxdılar və yeni təxribatlar törətməklə, problemi daha da çətinləşdirdilər. Bu cür yanaşma dövlət yanaşması deyil, küçə uşaqlarının digər məhlənin uşaqlarına yanaşmasının ən səviyyəsiz formasıdır. Dövlət öz vətəndaşlarına qarşı ata olmalıdır, və övladları arasında fərq qoymamalıdır. Onlara eyni münasibət bəsləməli və cəzalandırmaqdan daha çox həlim və mehriban davranmalıdır. Övladların bir qismi valideynlərdən tələb edəndə ki, “bu qədər özünüzə pul xərcləyirsiz, hər cür kef çəkirsiz, eyş-işrətlə həyat sürürsüz, qumarda böyük pullar uduzursuz, bir bizim də problemlərimizə nəzər salın, heç olmasa doyunca yeyib-içmək, geyimimizi verin, bizi hər addım başı təhqir edib alçaltmayın!”, övladların bu haqlı iradlarına qarşı dərhal və ən şiddətli cəzalara əl atılırsa, onda bu valideynlərin tərbiyəsi qaydasında deyil və yaxşı insanlar bu yalançı “valideynləri” yerinə otuzdurub, övladların nicat tapıb, öz əsl və doğma valideynlərinə qaytarılmasına hər cür yardım etməlidirlər. Azərbaycanin bütün məzlun insanlarinin tez bir zamanda nicat tapması arzusu ilə!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3101

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930