Ağalarovlara qarşı məhkəmə iddiaları: siyasi qərar, yoxsa…

04.04.2024 - 11:58

Terrordan zərərçəkənlər “Krokus”un sahiblərinə cinayət işi başlanması üçün İstintaq Komitəsinə müraciət ediblər; iş adamına qarşı kəmfürsətlik edilir – hüquqi rəy

“Krokus Siti Holl”da törədilən terror aktının ən böyük zərbəsi həm də bu obyektin sahibi Araz Ağalarova dəyib. Ancaq maraqlıdır ki, terror qurbanları konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanması tələbi ilə Rusiya İstintaq Komitəsinə (İK) ərizə ilə müraciət ediblər.

“Yeni Müsavat” bildirir ki, Rusiya mediasına danışan vəkil İqor Trunovun sözlərinə görə, zərərçəkənlər “təhlükəli xidmət” göstərən iş adamlarının məsuliyyətə cəlb olunmasını xahiş edirlər. Ərizə aprelin 2-də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim edilib. Onu “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin və terror aktı qurbanlarının yaxınları da daxil olmaqla 11 nəfər imzalayıb. Açıqlamada deyilir ki, “Krokus Siti Holl” 90-cı illərin sonunda dizayn edilib və 2009-cu ildə tikilib. O vaxtdan bəri təhlükəsizlik tələbləri çox dəyişib – müasir sistemlərə lazer sensorları, avtomatik yanğınsöndürmə və üzləmədə yanğınadavamlı materiallardan istifadə daxildir. Bununla belə, bina sahibləri təhlükəsizliyin təmin edilməsinə sərmayə qoymayıblar. Hüquqşünas hesab edir ki, bina sahibləri bunun ağır nəticələrinə görə birbaşa məsuliyyət daşıyırlar.

Bir neçə gün əvvəl “Krokus Siti Holl” konsert zalında terrorçulardan qaçmaq istəyən insanların bağlı qapılarla qarşılaşması iddialarına cavab verən “Krokus”un sahibinin oğlu Emin Ağalarov bildirib ki, o qapılar evakuasiya üçün deyil, işçilər üçün nəzərdə tutulub. Binanın evakuasiya üçün nəzərdə tutulan qəza çıxışları hadisə vaxtı normal şəkildə işlək olub, heç biri bağlı olmayıb. Bütün hallarda Ağalarovlara qarşı bu cür hücumun başlaması xoşagələn hadisə deyil. Görünür, azərbaycanlı iş adamına qarşı Rusiyada hansısa dairələr kəmfürsətcəsinə yararlanmaq istəyirlər. Hələ neçə illər öncə deyilirdi ki, həmyerlimizin Rusiyada sıxışdırılması üçün daim fürsət gəzənlər var. Görünür, indi onların əlinə belə bir bəhanə düşüb. Onlara qarşı şikayətlərin hüquqi nəticəsi nə ola bilər? Bu siyasi bir addım kimi qiymətləndirilə bilərmi və belədirsə, burada məqsəd, hədəf nədir? 

Oxu.az - “Crocus City Hall”da terror aktını törədənlər onlara vəd olunan mükafatı almaq üçün Kiyevə getmək istəyiblər

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) “Crocus City Hall”da terror aktının həyata keçiriləcəyindən xəbərdar idi. ABŞ-ın “The Washington Post” nəşri belə məlumat yayıb. Nəşr qeyd edir ki, ABŞ iki həftə əvvəldən Moskvaya bu konsert məkanının potensial terror hədəfi ola biləcəyi barədə məlumat verib. İkinci hədəf ehtimalı isə Moskvada sinaqoq olub. Qeyd olunub ki, bu xəbərdarlığın səhəri günü FTX terrorçuların sinaqoqa hücumunun qarşısını alıb. Nəşr sonda vurğulayıb ki, “ABŞ tərəfindən əsas hədəf kimi göstərilən ”Crocus City Hall”da niyə təhlükəsizlik tədbiri görülməyib?” sualı hələ də cavabsız olaraq qalır. “Krokus Siti Holl”da törədilən terror aktının səbəbkarları Rusiyada ksenofobiya və islamofobiya yaratmaq istəyiblər”. Rusiya prezidenti Vladimir Putin aprelin 2-də Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında bildirib. O, ölkə daxilində parçalanma və panikanın qarşısını almağa çağırıb: “Son vaxtlar baş verən faciəvi hadisələrdən milli ədavət, ksenofobiya, islamofobiya və s. yaradılması – bu, terrorçuların və onların müştərilərinin əsas məqsədi idi. İlk növbədə, ölkəmizdə çaxnaşma, nifaq və nifrət toxumu səpmək, Rusiyanı daxildən parçalamaq idi”, – Rusiya prezidenti bildirib. Putin ekstremizmin istənilən təzahürləri ilə mübarizənin zəruriliyini bəyan edib.

“Krokus Siti”nin əsası 2000-ci ildə qoyulub. “Krokus Siti” Moskva vilayətinin Volokolamsk şoşşesi ilə Moskva Dairəvi Avtomobil Yolunun kəsişməsində yerləşən 90 hektar əraziyə malik bataqlıq sahəsinin qurudulması nəticəsində inşa edilib. 2001-ci ildə burada Rusiyanın ilk hipermarketi olan “Tvoy dom”un əsası qoyulub. 2002-ci ildə Moskvadan kənarda ilk lüks ticarət mərkəzi “Krokus Siti Moll”, 2004-cü ildə Avropanın ən böyük sərgi mərkəzi olan “Krokus Ekspo”, 2009-cu ildə Rusiyanın ən böyük konsert zalı olan “Krokus Siti Holl”, 2013-cü ildə isə “VEQAS Krokus Siti” ticarət-əyləncə mərkəzi açılıb. Kompleksin ərazisində Moskva metropoliteninin “Myakinino” stansiyası da var. “Krokus Siti”yə “Shore House” restoran-yaxt klubu, “Boxcity” pop-up marketi, “Akvarium” hoteli, “Krokus Siti Okeanarium”, “Krokus Fitness Studio”, “Veqas Siti Holl” konsert zalı da daxildir. Terror aktının baş verdiyi “Krokus Siti Holl” konsert zalı dahi azərbaycanlı müğənni Müslüm Maqomayevin adını daşıyırdı. Yanğın zamanı M.Maqomayevin orada yerləşən muzeyi də yanmışdı.

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya İstintaq Komitəsinə edilən müraciətlər daha çox siyasi xarakter daşıyır. Q.Əlibəylinin fikrincə, terrora görə mühafizəni günahlandırmaq absurd məsələdir. “Axı mühafizə, təhlükəsizlik tank-topla təşkil olunmur?! Onlar ticarət mərkəzinə, konsert salonuna gəlib-gedənləri yoxlayırlar. Hətta çox zaman silahdan istifadə etmək səlahiyyəti olmur. Buna görə konsert zalının sahibini ittiham etmək yanlış yanaşmadır”, – deyə Q.Əlibəyli vurğuladı. Hüquqşünas qeyd etdi ki, mühafizənin təşkili üçün qoruma şirkəti ilə müqavilə bağlanır: “Misal üçün, İrandakı səfirliyimizdə mühafizə rəisi həlak oldu, digərləri terrorçunu zərərsizləşdirdi. Ancaq mühafizə rəisi əlində “Kalaşnikov” avtomatı olan birinə qarşı nə edə bilərdi? Əslində bunu Ağalarovlara və Azərbaycana qarşı siyasi xarakterli fəaliyyət kimi dəyərləndirmək lazımdır”. Konsert zalında yanğın olması və istifadə edilən materiallarla bağlı 11 nəfər vətəndaşın şikayətinə gəlincə, mütəxəssis bildirdi ki, xüsusi ekspertiza keçirməyə ehtiyac var: “Bir neçə il qabaq Heydər Əliyev Mərkəzində yanğın oldu, ekspertizanın nəticələrindən sonra həbslər aparıldı. İndi terror aktı zamanı yanğın olubsa, yanğına səbəb istifadə edilən tikinti materiallarıdırsa, bunu da ekspertiza müəyyən etməlidir. Bəlkə də qəsdən yanğın törədilib, bu detalı aydınlaşdırmaq lazımdır. Yəni niyə məhz hücum zamanı yanğın olub, ola bilsin ki, partlayıcı maddələrdən istifadə edilib – bax, bu nüanslar ekspertizanın rəyi ilə müəyyən oluna bilər. Hər halda, İstintaq Komitəsinə müraciətdə daha çox siyasi rəng görünməkdədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199924

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031