Natiq Cəfərli: “Rusiyanın əlindən Azərbaycana aqrar təzyiq silahını almalıyıq”

12.12.2020 - 10:28

Bakı Moskvaya pomidor tədarükü ilə bağlı problemlərin həlli üçün konkret sxemlər təklif edəcək. Bu məlumatı “RİA Novosti” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Azərbaycan Rusiyaya ölkə daxilində istehsalçıların regionlara görə bölünməsini təklif edib: “Müvafiq strukturlar Qida Agentliyi və “Rosselxoznadzor” arasında danışıqlar aparılır. Bakı problemin həlli ilə bağlı konkret sxemlər təklif edir. Buna əsasən ilk növbədə vicdanlı istehsalçılar vicdansızların qurbanı olmayacaq. Xüsusilə söhbət ölkə daxilində regionlar üzrə istehsalçıların bölünməsindən gedir. Azərbaycan coğrafi baxımdan çoxşaxəli ölkədir, pomidorlar praktiki olaraq hər yerdə becərilib, tədarük edilir. Müsbət nəticəyə ümid var. Zamanımız kifayət qədərdir. Belə ki, bizim ixracımızın əsas həcmi mart-iyul ayına düşür”.

Qeyd edək ki, Rusiya 10 dekabrda Azərbaycandan pomidor idxalını dayandırıb. “Rosselxoznadzor”un 9 dekabrda yaydığı açıqlamasında Azərbaycandan belə bir təklif aldığını və 11 dekabrda müzakirə ediləcəyini bildirilmişdi. İqtisadçılar isə hesab edir ki, müzakirələrin mövzusu heç də pomidor məsələsi deyil, Rusiyanı narahat edən siyasi məsələlər olacaq.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Rusiyanın pomidor qadağasının səbəbi açıq-aşkar görünür: “Heç Rusiya mətbuatı da bunu gizlətmir. Rus telekanallarında gedən müzakirələrdə heç onlar da gizlətmirlər ki, bu, bir texniki məsələ və ya hansısa zərərverici məsələsi, keyfiyyət problemi deyil. Bu siyasi bir qərardır. Rusiya dəfələrlə ətraf ölkələrə, o cümlədən Azərbaycana qarşı belə təzyiq vasitələrindən siyasi məqsədlə istifadə edib. Azərbaycana qarşı birinci belə qərar deyil. Danışıqlarda hansı bölgədən gələn pomidorda xəstəlik aşkarlanması deyil, ümumiyyətlə, bu problemin kökündə duran məsələlər müzakirə olunacaq. Rusiyanın hansı məsələdə həssasiyyəti varsa, nəyə nail olmaq istəyirsə, bunlar müzakirə ediləcək və çox güman ki,  geniş ictimaiyyətə açıqlamayacaqlar.

Məsələ pomidor və alma məsələsi deyil, artıq hamı bunu bilir. Ermənistana qarşı da belə bir addım atılıb. İnsanlarda belə bir təsəvvür yaratmağa çalışırlar ki, Azərbaycanla Ermənistan bir tutulub və burada Azərbaycana qarşı bir siyasi məsələ yoxdur. Ancaq əslində var. Çünki Ermənistanın pomidor ixracının qadağan edilməsi ilə bağlı gün təyin edilməyib. Azərbaycanla bağlı qadağa isə artıq dekabrın 10-dan qüvvəyə minib. İkincisi, qadağanın bölgələr üzrə tətbiq edilməsi məhz Ermənistana aid edilib. Ermənistanın pomidor ixracı çox cüzidir, Azərbaycanın pomidor ixracının heç onda biri qədər deyil. O qadağanı da bölgələrə elə bölüblər ki, Ermənistanın hansı bölgəsindən pomidor ixrac olunmursa, az miqdarda ixrac olunursa, həmin bölgəyə aid edilib”.

Ekspertin sözlərinə görə, əslində Ermənistanın adı vizual balans yaratmaq üçün burada daxil edilib: “Əsas hədəf isə Azərbaycanla bağlı müəyyən problemlərin həllinə yönəlib. Ona görə də, danışıqların mövzusu zərərli pomidorun hansı bölgədən gəlməsi yox, bu problemin nədən qaynaqlandığı və Rusiyanın nə istədiyi ilə bağlı olacaq. Bunun nəticəsində də müəyyən qərarların alınacağı gözlənilir”.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı Rusiya bazarlarından asılılığının aradan qaldırılmasına gəlincə, N.Cəfərli bildirdi ki, tarixən belə bir ixrac əlaqəsi olub və hələ də davam etməkdədir: “Rusiyanın iki əsas bazarı Peterburq və əsasən də Moskva bazarı tarixən Azərbaycanın başlıca ixrac bazarları olub. Sovet dövründə kommersiya əlaqələrinin qadağan olduğu, yarı-gizli olduğu vaxtlarda belə, Rusiya bazarlarında, xüsusən də ozamankı Leninqrad və Moskva bazarları Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas satış hədəfi idi, əsas ixrac marşrutu idi. Keçilmiş bu tarixi yoldan bir asılılıq var, sovet hökuməti dağıldıqdan sonra da Azərbaycan çoxşaxəli ixracat modelinə keçməkdə gecikdi. Buna görə də, kifayət qədər problemlər yaşandı. Rusiyanın belə davranışı ilk deyil, bundan öncə də dəfələrlə olub, dəfələrlə belə təzyiq vasitələrilə üzbəüz qalmışıq”.

İqtisadçı onu da vurğuladı ki, artıq Rusiyanın əlindən bu təzyiq silahını almağın vaxtıdır: “Bunu daha dərindən düşünüb nəticələr çıxartmalıyıq və təbii ki, çoxşaxəli ixracat modelinə keçmək həmən mümkün olmasa da, artıq bununla bağlı ciddi danışıqlar aparılmalıdır. Ukrayna bazarı çox böyük bazardır, orada fəaliyyəti genişləndirmək olar. Orta Asiya və Qazaxıstan bazarı kifayət qədər əlverişlidir, Yaxın Şərq bazarlarına da çıxış imkanlarını araşdırmaq lazımdır. Bu mənada Avropa bazarı çox cəlbedicidir, çünki qiymətlər Rusiyadan daha yaxşıdır. Lakin Azərbaycan hökuməti bəzi addımların atılmasını uzun illərdir ki, gecikdirir. Avropa Birliyi ilə böyük sazişin imzalanması gecikdirilir. Ən azı bu imzalanma gələn il baş verməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün addımlar atmalıdır. Çoxşaxəli modelə keçmək üçün bu günə qədər işlər görülməyib, heç olmasa bundan sonra müəyyən işlər görülməli və bu aqrar təzyiq silahı Rusiyanın əlindən alınmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158329

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031