Türkiyə Qarabağ müstəvisində: qardaş ölkənin qoşunları gələsin, ya gəlməsin?..

01.09.2020 - 10:37

Tanınmış amerikalı diplomat, keçmiş səfir və nəinki Cənubi Qafqaz regionunun və Azərbaycanın, ümumiyyətlə, bütün keçmiş sovet məkanı ölkələrinin problemlərini yaxşı bilən Metyu Brayza bir daha Türkiyəyə Minsk Qrupunun (MQ) həmsədri statusu verilməsi təklifilə çıxış edibdi.

Qeyd edək ki, təklif heç də birinci dəfə deyil ki, səslənir. Bəli, ən müxtəlif vaxtlarda təkcə jurnalistlər və politoloqlar yox, həm də xeyli nüfuzlu siyasətçilər və yaxud da diplomatlar oxşar təkliflərlə dəfələrlə çıxış ediblər. Amma hər dəfə də qeyd olunur ki, o, bir təklif kimi nə qədər maraqlı və aktual olsa da gercəkləşmək sarıdan problemlidi, çünki münaqişə tərəflərindən biri – Ermənistan heç vaxt bununla razılaşmaz…

Amma Türkiyə təkcə ciddi regional çəkiyə malik deyil, onun Azərbaycana təsiri gündən-günə artır. Məhz bunu nəzərdə tutaraq və başa düşərək ki, Türkiyə-Ermənistan münasibətlərini də tənzimləmədən İrəvanın regional problemlərini çözmək asan olmaz, siyasətçilər və diplomatlar daim qeyd edirlər ki, Ankaranı prosesə daha yaxından cəlb etmək lazımdır ki, o da prosesin nizamlanmasına öz töhfəsini verə bilsin.

Çox yaxşı yadımızdadır ki, bu məsələ bir neçə il bundan əvvəl də, Rusiya aralıq həll variantını reallaşdırmağa çalışan zaman da aktuallaşmışdı. Həmin plan çərçivəsində həmsədrlər, xüsusən də Rusiya iki əsas həll ssenarisini – paket variantı ilə mərhələli həll variantını birləşdirməyə çalışırdı. Diplomatik dairələrdə bu sxem “Putin-Lavrov təşəbbüsü” kimi də qeyd olunurdu, əslində isə bu Madrid və Qazan prosesinin bir davamı idi. O vaxt Moskva – Ankara müstəvisində də çox intensiv proseslər gedirdi və bu iki ölkə daha bir münaqişəni – Suriya problemini çözməyə çalışırdılar.

Xatırladaq ki, onda həmsədrlər Ankaraya baş çəkdilər və Türkiyənin xarici işlər nazirilə də görüşdülər, amma məsələ bundan uzağa getmədi və qısa zaman intervalından sonra Moskva sanki hər şeyi unudaraq öz “İsgəndərlər”ini Ermənistanda yerləşdirdi, bir müddətdən sonra isə İrəvanda inqilab oldu, Sarqsyan devrildi. Onun yerini tutan Paşinyan hakimiyyəti isə özünü elə apardı ki, sanki Qarabağ problemi onlar üçün məchul bir məsələdir və onlar hər şeyi yenidən başlamalıdırlar.

Sonradan həmsədrlərin və o cümlədən də Azərbaycanın təzyiqilə yeni hökumət bir neçə görüş keçirməyə razılıq versə də, bu görüşlərdə, ən azı erməni tərəfinin açıqlamalarına görə, konkret həll variantları müzakirə olunmamışdı…

Türkiyənin prosesə qoşulması başqa cəhətdən də maraqlı və önəmli olardı. Sirr deyil ki, biz Ermənistanla bağlı siyasətimizi həm də Türkiyə ilə uzlaşdırır və koordinasiya edirik. Amma bu illər ərzində Türkiyə ilə hərbi inteqrasiyanın dərinləşdirilməsi məsələsi dəfələrlə gündəmə gəlib. Bəzi analitiklər qeyd edirlər ki, Azərbaycanın hərbi siyasətinin mümkün çərçivələri ölkənin hərbi doktrinası ilə müəyyən edilibdi və ölkə bloklara qoşulmayan və neytral bir dövlət kimi elan edilibdir. Bir daha qeyd edək ki, hal – hazırda Bakı Qoşulmama Hərəkatına başçılıq edir.

Amma elə təhlilçilər də var ki, onlar ölkənin hərbi siyasət konsepsiyasına təkrar baxmağa çağırırlar. Bu qəbildən olan analitiklərin fikrincə, Qoşulmama Hərəkatı böyük resursdur və bu 120-dən çox səs deməkdir. Fəqət, elə anlar olur ki, ölkənin səslərdən daha çox real hərbi dəstəyə ehtiyacı olur.

Əlavə hərbi resurslardan və xüsusən də hərbi dəstəkdən söhbət gedəndə isə yada düşən ilk növbədə qardaş Türkiyə olur.

Qeyd edək ki, Azərbaycanın rəhbərliyi də inkar etmir ki, hərbi sferada da ölkənin ən əsas, hətta ən birinci tərəfdaşı Türkiyədi. Buna görə də heç təsadüfi deyil ki, Ermənistanın Tovuz istiqamətindəki hərbi təxribatından dərhal sonra Bakı Ankara ilə birgə hərbi təlimlər keçirdi ki. bunlar ən azı düşmənə bir xəbərdarlıq olmaqla yanaşı, həm də güclü psixi təsir, hətta müəyyən qədər təzyiq rolunu oynadı.

Elə ona görə də Türkiyənin Minsk Qrupunun həmsədri olub-olmamasından asılı olmayaraq burada vəziyyət birmənalıdır: Türkiyə həmişə Azərbaycanın yanında olacaq.

Buna biz bir daha Tovuz hadisələri zamanla əmin olduq. Ankaranın bəyanatı həmişəki kimi birmənalı idi: Azərbaycanın seçimi bizim seçimimizdir. O ki qaldı bizim hərbi – siyasi statusumuzun, ümumiyyətlə, hərbi siyasətimizin və konsepsiyamızın bir daha təftiş edilməsinə, hərbi-siyasi statusundan asılı olmayaraq hər bir ölkənin öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək onun əzəl haqqı və hüququdur və bu hüququ heç kim Azərbaycanın əlindən almayıbdır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930