Araz- Türk Cümhuriyyəti

02.11.2021 - 10:27

Dövlətin yaranması, ərazisi, əhalisi. Zaqafqaziya Seyminin buraxılması nəticəsində vaxtı ilə Çar Rusiyasının tərkibində yaşayan etnik kimliklər öz azad, suveren dövlətlərini qurmağa başladılar. Təbii ki, bu dövlətlərin içərisində az tanınanları da vardı, bunlardan biri də müasir Azərbaycanın cənub- qərbində, hazırki Naxçıvan Muxtar Respublikasının və onun ətrafını əhatə edən Araz- Türk Cümhuriyyəti olmuşdur. Cümhuriyyət 1918- ci ilin noyabr ayında quruldu.
Sözügedən dövlətin 1 milyon əhalisi, 8 696 kv2. km ərazisi olmuşdur. Bu dövlətin tərkibinə, Naxçıvan, Şərur- Dərələyaz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri, Qars, İğdır və.s bölgələr daxil olmuşdur. Paytaxtı Naxçıvan şəhəri idi. Hökumətin sədri Əmir bəy Əkbərzadə idi [1, 9]. Araz- Türk Cümhuriyyətinin ən böyük şəhərləri Naxçıvan, İğdır və Ordubaddır.

Şəkil. Araz- Türk Cümhuriyyəti. [2, 33]

Zənnimcə, Araz- Türk Cümhuriyyətinin yaradılmasında məqasəd ilk növbədə özünü müdafiə xarakter daşımışdır. Cümhuriyyəti faktiki olaraq böyük qardaşı Osmanlı və təbii ki, yerli əhali öz canı bahasına qorumuşlar. Araz- Türk Cümhuriyyəti Parlamentli Respublika idarə etmə sisteminə malik idi.
Niyə məs Parlament idarə sistemi? Fikrimcə, o dövr Prezident idarəsi üçün əlverişli şərait olmadığından, tez- tez hayların (ermənilərin) hücumlarına məruz qaldığına görə bu dövlət Parlament tərəfindən idarə olunurdu. Bununla yanaşı dövlətin mövcudluğu müvəqqəti xarakter daşıdığından sonrakı zamanlarda buna ehtiyac qalmamışdır.
Osmanlı İmperiyası və Araz- Türk Respublikası. “Araz- Türk Respublikasının ən böyük müttəfiqi təbii ki, Osmanlı İmperiyası olmuşdur. “Respublika ərazisində milis idarələri və onların sahə şöbələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün də türk komandanlığı Xəlil bəyi respublika hökuməti yanında daimi hərbi müşavir təyin etmişdi. Bundan əlavə türklər burada 300 əsgər və 5 zabit qoyub getmişdilər. Silahlı qüvvələrin tərkibində cəmiyyətin bütün təbəqələrindən, o cümlədən xanlar, bəylər, tacir uşaqları, kəndlilər xidmət edirdilər. 1919-cu il dekabrın əvvəlində respublikanın silahlı dəstələri bir neçə taborda birləşmişdilər. Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi” [3].
Nə qədər Osmanlını özünə yaxın bilsə də Naxçıvan həmişə AXC- yə can atırdı. Bu cümhuriyyət demək olar ki, hər bir addımı barədə AXC- yə məlumat verir. Araz- Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində nümayəndələri vard. Bəhram xan Naxçıvanski, Hüseyn Cavid, Əli Səbri Qasımov.

Araz- Türk Cümhuriyyətinin icraedici orqanı. Yuxarıda qeyd elədiyim kimi Araz Türk Cümhuriyyətinin hökumətinin Nazirlər Şurasına Əmir bəy Əkbərzadə başçılıq edirdi. Hərbi Nazir İbrahim bəy Cahangirzadə, İnzibati- ərazi işləri üzrə nazir Əli bəy Qəmbər Bənyari, Xarici İşlər naziri Həsən ağa Səfazadə, Ədliyyə naziri Məmeməd Bəyzadə.
Araz Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən də müvafıq işlər görülmüşdü. “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanun”da Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər millət vəkilinin seçilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 7 dekabr 1918-ci il tarixli təntənəli iclasında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. O, diplomatik nümayəndələrin lojasında polkovnik Kokerel, Bakıdakı Qacar hökumətinin general-konsulu M. Səüdəl-Vəzara, maliyyə agenti Vəkil-əl-Mülk, Dağlılar hökumətinin nümayəndəsi A. Çermoyev, Dağlılar Respublikasının diplomatik nümayəndəsi A. Qantəmirov və Gürcüstan Respublikasının diplomatik nümayəndəsi İ. N. Karsivadze ilə yanaşı oturmuşdu. Araz-Türk Cümhuriyyətinin əhalisi Azərbaycan Parlamentinin açılışı haqqında xəbəri böyük ruh yüksəkliyi ilə qarşıladı. O günlərdə özlərinin səlahiyyətli müvəkkili A. Hacıyevin imzası ilə Ordubad rayonunun əhalisi Azərbaycan Parlamentinə təbrik teleqramı göndərmiş, qarşıdakı çətin işdə ona müvəfəqiyyət arzulamış, onun “Qafqaz müsəlmanlarının arzularını doğruldacağına, öz fəaliyyəti ilə bizim də müstəqil yaşamağa layiq və öz taleyimizi həll etmək və hüquqlarımızı müdafiə etmək iqtidarında olduğumuzu bütün dünyaya sübut edəcəyinə” əmin olduqlarını bildirirdilər.[2] Diqqətəlayiqdir ki, ordubadlılar bu Parlamenti “öz parlamenti” adlandırır və məlumat verirdilər ki, “onun yaradıcı işinə hər cür yardım etməyə hazırdırlar”.[4]
Ordubad Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadənin Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin – Araz Respublikasının yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidzadə bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı:

Tiflisə və Gəncəyə yolların bağlanması
Türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım – ərzaq gətirilməsinin dayandırılması;
Bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi;
Naxçıvan və Şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman – Araz dövlətini yaratmaq qərarına gəlinməsi;
Araz hökumətinin də Gəncə Hökuməti (Azərbaycan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi.
Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cu il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti (yəni Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşənədək) müstəqilliyini elan etməsiylə nəticələnmişdir.
Araz Türk Cümhuriyyətinin Nazirlər Şurasının sədri Əmir bəy Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi. Osmanlı dövlətinin Araz Türk Cümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və b. da Cümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər.[5]
Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P.Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919-cu il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Respublikasında türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komissiya göndərilməsi, Bakıdakı ingilis general-qubernatoru Tomsonla müzakirələr aparılması, müvafıq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu. Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan “Həmyerlilər” cəmiyyətinin toplantısında (1919-cu il, 6 yanvar) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900000 manat Naxçıvana aparılmaq üçün P.Bayrambəyova verilmişdi.[5]
Araz- Türk Cümhuriyyəti 1919- cu ilim mart ayının ortalarında süqut edir.

Ədəbiyyat siyahısı.
1. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan 2010. Əcəmi Nəşriyyat- Poliqrafiya Birliyi. 384 səh.
2. Naxçıvan tarixi atlası. Bakı, 2010, s. 33.
3. https://www.azerbaijans.com/content_1697_az.html
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. iki cilddə. I cild. Baş redaktor Yaqub Mahmudov. Bakı: Lider nəşriyyat, 2004, s.123
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, s.124

Hüseyn İlqaroğlu 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167996

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930