Rey Kərimoğlu: “Həm Prezident Administrasiyasının, həm də Müdafiə Nazirliyinin informasiya siyasəti çox düzgün qurulub”

29.09.2020 - 10:59

Azərbaycan Ordusu cəbhəboyu düşmən üzərinə əks-hücuma keçib və işğal altında olan kəndlərin, yüksəkliklərin bir qismi azad edilib, ölkədə hərbi vəziyyət elan olunub.

Ordumuzun rəşadəti və qazandığı zəfərlərlə yanaşı, bu dəfə ictimaiyyəti məmnun edən əsas məqam informasiya siyasətinin düzgün qurulması, sosial şəbəkələrin məhdudlaşdırılması hesabına düşmən təxribatına imkan verilməməsi və dövlət qurumları tərəfindən mütəmadi rəsmi məlumatların açıqlanmasıdır. Artıq vətəndaşlar da ayıq- sayıq olduğundan hərbi məlumatların dəqiqləşdirilmədən paylaşılmaması ilə bağlı çağırışlar artıb.

Qarabağ qazisi Rey Kərimoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu  dəfə həm Prezident Administrasiyasının, həm də Müdafiə Nazirliyinin informasiya siyasəti çox düzgün qurulub: “Bizim neçə illərdir təklif etdiyimiz məsələ var idi ki, döyüşlər gedən ərəfədə AzTV və İTV-də Operativ Qərargah tipli bir müzakirə, informasiya məkanı ayrılsın. Prezident bu məsələləri nəzərə alıb, artıq bunlar həllini tapıb. Həm dövlət başçısı öz çıxışları ilə, həm də ölkənin tanınmış ictimaiyyət adamları, media rəhbərlərinin iştirakı ilə AzTV və İTV-də verilişlər, analitik, diskussiya proqramlarında əhaliyə məlumat verilir. Bu müzakirələrin həm də cəmiyyətin psixoloji durumuna müsbət təsiri var. Şükürlər olsun ki, ordumuz uğurlar qazanır, uğurlar qazandıqca bu işlərin əhəmiyyəti daha da artır. Qələbə xəbərinin tezliklə Ali Baş Komandan tərəfindən cəmiyyətə çatdırılmasını arzu edirik.   Xüsusən də hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının televiziya kanallarına çağırılması, onun mahnılarının səsləndirilməsi cəmiyyətdə savaş ruhunu, mübarizə əzmini bir qədər də artırır”.

Onu da qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verib ki, Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərmələri xahiş olunur. Artıq iki gündür ki, Azərbaycan ərazisində sosial şəbəkələrin işində problem yaranıb.

Əsas problemlərdən biri isə odur ki, əksər istifadəçilər sosial şəbəkədəki məhdudiyyəti aşmaq üçün müxtəlif proqramlardan istifadə edirlər, bu proqram istifadəçinin olduğu məkanı süni şəkildə dəyişərək, əngəlləri aşır. Lakin bu zaman üçüncü tərəfin iştirakı gündəmə gəlir ki, informasiya təhlükəsizliyi baxımından risklər yaradır. Məsələ ilə bağlı şərh yazan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, internetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Osman Gündüz: “İnternetə və bəzi sosial media resurslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı distant təhsilin bir müddət dayandırılması doğru olardı”

Bu, həm də WhatsApp – dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq  VPN yükləməsinin qarşısını alardı.  Yeri gəlmişkən, qeyd etmək istərdik ki, vacib olmadığı halda VPN yükləmək tövsiyə olunmur.  VPN  texnologiyadan istifadə edərkən trafik digər bir  tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu dəfə informasiya siyasəti mükəmməl quruldu: “İstər 2016-cı ilin aprel döyüşləri ilə müqayisədə, istərsə də Tovuzdakı döyüşlərlə müqayisədə bu dəfə informasiya işi daha mükəmməl təşkil olundu. Bizim torpaqlarımızın 20 faizi işğal olunub və Ermənistan rəhbərliyi hər vasitə ilə danışıqlardan qaçmağa səy göstərir, vaxtı uzadır və torpaqlarla bağlı məsələnin gündəmə gəlməsindən çəkinirlər. Artıq Ermənistanda baş verən proseslərlə bağlı xəbərlərin yayılması, ermənilərin yeni torpaq iddiasında olmalarının nəticəsi bəlli idi. Azərbaycan tərəfi bu prosesə çox peşəkarlıqla hazırlaşdı. Ermənilərin o niyyətini biz bütün dünyaya çatdıra bildik. Azərbaycan prezidenti BMT-nin 75-ci sessiyasında, o cümlədən Avropa Birliyinin nümayəndə heyəti ilə görüşündə və digər çıxışlarında birmənalı qaydada Ermənistan tərəfinin fikirlərini diqqətə çatdırdı. Sentyabrın 27-də döyüşlər başlayarkən yaydığı açıqlamada Müdafiə Nazirliyi  Azərbaycan Ordusunun qarşıya qoyduğu məqsədləri, mülki şəxslərə olan münasibəti,  Dağlıq Qarabağda yaşayan dinc əhaliyə hərbi obyektlərin yaxınlığından kənarlaşmaqla bağlı xəbərdarlıqları bir daha beynəlxalq qaydalara necə əməl etməyimizdən xəbər verir. Ağdərədə erməni ordusu hissələrinə xəbərdarlıq edilməsi, əgər əsir düşəcəklərsə onlarla beynəlxalq standartlara uyğun davranılacağı, bundan başqa, beynəlxalq təşkilatlara məlumatların verilməsi, ordumuzun missiyası ilə bağlı istər ölkə əhalisinə, istər beynəlxalq təşkilatlara və region dövlətlərinə məlumat verilməsi informasiya siyasətinin uğurlu aparılmasının nəticəsi idi”.

Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi – Rakus.az

Əflatun Amaşov: “Azərbaycan saytlarının düşmən tərəfindən dağıdılması da müşahidə oluna bilər, o səbəbdən də…”

Sosial şəbəkələrin məhdudlaşdırılmasına gəlincə, MŞ sədri qeyd etdi ki, müharibənin və hərbi vəziyyətin öz şərtləri var: “Hərbi vəziyyət elan olunan ərazilərdə hərbi senzura fəaliyyət göstərməlidir, KİV materialları hərbi senzorlar tərəfindən yoxlanıb daha sonra ictimaiyyətə çatdırılmalıdır. Hətta hərbi vəziyyət olan ərazilərdə KİV-in fəaliyyətinin müəyyən mənada məhdudlaşdırılması, bəzi məqamlarda tamamilə qapadılması mümkündür. Bu ”Hərbi vəziyyət haqqında” Qanunda da  öz əksini tapıb. Sosial şəbəkələrə girişin məhdudlaşdırılmasına gəlincə, bu da zəruri addım idi. Çünki indiki şəraitdə sosial şəbəkələr daha çox informasiya yayır və bəzən insanların xoş niyyətləri belə problemə səbəb olur. Əhali torpaqlarımızın azad edilməsini uzun illərdir ki, gözləyirdi, indi həvəslə eşitdikləri hansısa məlumatları paylaşırlar. Sosial şəbəkədə yaşı az olanlar, qanunvericiliyi bilməyənlər, məlumatsız insanlar da var, onların yaydığı informasiya mənfi nəticələr törədə, çaşqınlıq yarada bilər. Hazırda Ermənistan tərəfindən çox güclü informasiya təxribatı həyata keçirilir ki, guya ordumuz heç bir nailiyyət əldə etməyib. Ermənilər Azərbaycan dilində saytlar yaradırlar, azərbaycanlı ad və soyadı ilə sosial şəbəkələrə daxil olurlar. Onlar da istər-istəməz çaşqınlıq yarada bilərlər. Təmas xəttində olan dinc əhali haqqında da müəyyən yanlış məlumat yaya bilərlər. Müharibənin öz şərtləri və tələbləri var, sosial şəbəkələrin məhdudlaşdırılması bu baxımdan qəbulolunandır”.

Ə.Amaşovun sözlərinə görə, xəbər saytları kiber hücumlara qarşı tədbirli olmalıdırlar: “Mən Mətbuat Şurasının rəhbəri kimi Azərbaycan jurnalistlərinə təşəkkürümü bildirirəm, onlar çox peşəkar işləyir, ancaq rəsmi xəbərlərə istinad edirlər. Müdafiə Nazirliyinin mətbuat xidməti də yaxşı işləyir. İnternetdə olan müəyyən məhdudiyyətlər var. Ancaq Azərbaycan saytlarının düşmən tərəfindən dağıdılması da müşahidə oluna bilər. O səbəbdən bizim sayt rəhbərləri ehtiyatlı olmalıdırlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155066

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930