Vəkil Araik Arutyunyanı qandallamağın yollarından danışdı

17.11.2020 - 11:02

Cavad Cavadov: “Onların Azərbaycanda mühakimə olunma perspektivləri çox böyükdür”

44 günlük müharibə həm də Ermənistan silahlı qüvvələrinin və Qarabağ ərazisindəki qanunsuz erməni hərbi-siyasi rəhbərliyinin bütün çərçivələri aşan, terror əməlləri ilə yadda qaldı. 2020-ci il sentyabrın 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz Ordumuz tərəfindən dəf edildi, əks tərəfə tutarlı cavablar verildi, Qarabağ işğaldan azad edildi. Nəticə etibarı ilə BMT-nin Qarabağla bağlı olan, yaşı 30-a yaxınlaşan qətnamələri reallaşmaq üzrədir. Bununla belə, müharibə günlərində hərbi cinayətlər törədən erməni hərbi-siyasi rəhbərlərin də məsuliyyət məsələsi açıq qalır. Düzdür, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bəyanat verərək qondarma “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Araik Arutunyanın və digərlərinin gələcək taleyi haqda mövqe açıqlayıb.

Bəyanatda vurğulanıb ki, baş prokurorun tapşırığı əsasında 4 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub. Nəticədə 13 nəfər həlak olub, 48 nəfər yaralanıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də Araik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma),

116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə),

186.3 (Əmlakı qəsdən məhv etmə),

214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma),

279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan, Armen Babacanyan,  bundan başqa erməni politoloqu, terrora açıq çağırış edən Stepan Danelyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa veriliblər.

Baş Prokurorluq bəyan edib ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin edilib.

Açıq terror əməlləri törədən və terrora çağırış edən bu şəxslərin istintaqa cəlb edilməsi üçün konkret olaraq hansı addımlar atılmalıdır?

Yasamal hadisələrinə görə vəkil Cavad Cavadova xəbərdarlıq edildi

Tanınmış vəkil Cavad Cavadov deyir ki, Araik Arutyunyan və onun ətrafında olanların tutularaq cəzalandırılması üçün kifayət qədər əsas var: “Azərbaycan da, Ermənistan da beynəlxalq polis təşkilatı İnterpolun üzvüdür. Bu təşkilata 200-ə yaxın dövlət üzvdür və Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan, Armen Babacanyan, terrora açıq çağırış edən Stepan Danelyan bu dövlətlərdən hər hansı birinin ərazisinə keçmək istəsə, saxlanılaraq istintaqa cəlb olunmalıdırlar. İnterpola üzv olan, terrorizmlə bağlı beynəlxalq Konvensiyaya qoşulan bütün dövlətlərin borcudur ki, bu cinayətlərin harada törədilməsindən asılı olmayaraq cinayəti törətmiş şəxs ərazisində saxlanarsa,  barəsində cinayət təqibini həyata keçirsin. Və ya saxlanılan şəxsi istintaq aparılan ölkənin hüquq-mühafizə orqanına təhvil verməlidir. Bu baxımdan həmin şəxslərin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi düzgün addımdır və onların Azərbaycanda mühakimə olunma perspektivləri çox böyükdür. Düşünürəm ki, bu şəxslər yaxın zamanlarda hər hansı bir ölkəyə gedərkən həbs olunub Azərbaycana təhvil verilə bilərlər”.

Vəkil deyir ki, Araik Arutyunyan və qeyriləri digər ölkənin ərazisində də cəzaya çatdırıla bilərlər: “Bu prosedur bütün dövlətlərin qanunvericiliyində demək olar ki, cinayətin xüsusiyyətinə görə eynidir. Hesab edirəm ki, bu şəxslərin tutularaq Azərbaycana təhvil verilməsi məsələsi ciddidir və yaxın zamanda bunun şahidi ola bilərik”.

Cavad Cavadov deyir ki, Araik Arutyunyanın sülhməramlıların rəhbərliyi ilə görüşməsi qanundan kənardır: “Araik Arutyunyanın Azərbaycan sərhədləri daxilində olması və sülhməralı missiya rəhbərliyi ilə görüşməsi halı var. Bu istiqamətdə müəyyən tədbirlər görülməlidir. Ümumən sülhməramlıların missiyasına cinayətkarın həbs edilərək tərəflərdən birinə təhvil verilməsi daxil olmaya bilər. Onların belə görüşlər zamanı tutulub təhvil verilməsi real deyil. Daha çox belə şəxslərin xarici səfərlər zamanı, sərhədkeçmə zamanı İnterpol xətti ilə tutulub Azərbaycana təhvil verilməsi perspektivi daha yüksəkdir. Bununla belə, müharibə cinayətləri törətmiş şəxslərin sərhədlərimiz daxilində sərbəst hərəkətinə də müvafiq qurumlar susqun yanaşmamalıdırlar. Eyni zamanda sülhməramlı missiya rəhbərliyinə də bu şəxslərin barəsində müvafiq məlumat verilməklə görüşlərdən imtina edilməsi tələb olunmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157345

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930