Ermənilər müharibəni uduzublar, narazıdırlar, bizə nə olub?

21.11.2020 - 15:24

Qüdrətli qonşularla dil tapmaq, keçmişlə yaşamamaq, irəliyə baxmaq…

Bu, son 10 gündə eyni mövzuda yazdığım ikinci yazıdır. Nədən təkrar yazıram? Ehtiyac var, ona görə.

Bir daha və bir qədər geniş şəkildə qeyd edim ki, 1992-ci ildən bu günə qədər Rusiyanın neo-imperialist siyasətinə, ayrı-ayrı rus siyasətçilərinin ölkəmizə qarşı davranşlarına dair yüzlərlə yazı yazmışam. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu xüsusda rekord özümə məxsusdur.

Qorbaçov, Yeltsin, Primakov, Starovoytova, Ruşaylo, Lujkov, Çernomırdin, Kiriyenko, Berezovski, Çubays, onlarca başqaları yazılarımın “mənfi qəhrəmanı” olublar. Rus siyasiləri arasında bəyəndiyim bircə Boris Nemtsov idi, onu da öldürdülər. Onu, eləcə də başqa “yadfikirliləri” öldürənlərə qarşı da çox yazmışam.

Qarabağı, Naxçıvanı, Təbrizi işğal etmiş Paskeviç və Sisianovdan tutmuş ta 1990-cı ildə rus-sovet tanklarını Bakıya yeridən Yazova qədər, o cümlədən 1988-91-ci illərdə Bakıda hərbi komendantlıq etmiş Tyaqunov, Dubinyak, Bünyadov kimi rus generallarından həmişə mənfi planda bəhs etmişəm.

1.jpg (356 KB)

Rusiya və Azərbaycan arasındakı keçmiş və indiki münasibətlərin üzdəki və pərdəarxası tərəflərinin incəliklərindən yaxşı xəbərim var. Yaxşı bilirəm ki, indiyədək Kreml ermənilərə və bizə münasibətdə həmişə ogey-doğmalıq edib. 20-ci əsri götürsək, başından sonuna qədər ruslar erməniləri dəstəkləyib, bizi ayağa verib.

Ancaq son 120 ildə ilk dəfədir ki, Rusiya başbilənləri Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyur və hər iki dövlətə aşağı-yuxarı neytral yanaşır.

Bunun xüsusi səbəbləri var və uzun söhbətdir. Qısa desək, Rusiyanın dövlət maraqları indi belə tələb edir.

Bu dəyişmə bir günün işi deyil, tədricən gedib və hazırda bu vəziyyətdədir. Həm də bu, o demək deyil ki, ermənilərə və bizə münasibətin dəyişməsi rus cəmiyyətinin bütün sferalarını əhatə edir. Elə deyil.

7.jpg (12 KB)

Rus cəmiyyəti manipulyasiyaya açıqdır, təbliğata uyandır, Kreml texnoloqları istəyəndə onların gözündə istənilən dövləti “1 nömrəli düşmən”ə çevirə bilirlər. Xatırlayırsınızsa, dövlət təbliğatçıları 12 il əvvəl Gürcüstanı, 6 il əvvəl Ukraynanı, 3 il əvvəl Türkiyəni elə etmişdilər – özü də bir neçə günün içində.

Hazırda Ermənistanın Rusiya ictimaiyyətinin gözündə “1 nömrəli müttəfiq” imici xeyli sarsılıb, amma hələ də öz yerini qoruyur. Bəzi rus telekanallarının 44 günlük müharibə zamanı qaldırdıqları haray-həşirin mayasında bu amil dururdu. Onlar əslində dolayısı ilə Kremlin neytralitet siyasətinə qarşı çıxırdılar.

Regionda olduqca incə və həssas bir siyasi proses gedir. İndiyədək belə bir şey olmayıb. Ermənilərin üzü Rusiyadan çönüb, indilikdə qorxularından açıq bir söz deməsələr və daha çox yaltaqlıq etsələr də, əslində, batində daha fərqli düşüncədədirlər və bunu pərdələyə bilmirlər.

6.jpg (42 KB)

Baş nazir Paşinyanın istər RF müdafiə naziri Sergey Şoyquyla, istərsə də XİN rəhbəri Sergey Lavrovla görüşündəki davranışından “klassik erməni hikkəsi” yağırdı. O, nazirlərlə görüşəndə sifətinə “növbətçi təbəssüm” belə vermədi. Üstəlik, ermənilər görüş keçirilən kabinetə Rusiya bayrağını qoymağa belə tənəzzül etməmişdilər. Bunlar elə-belə söhbətlər deyil.
Rusiyanın ali mənsəbli dövlət xadimlərinin köç-külfətli şəkildə İrəvana yollanmasının tək səbəbi Rusiyadan incik düşmüş ermənilərin könlünü almaq, onları “hər şey yaxşı olacaq” qənaətinə kökləməkdir. Rusiya bütün gücüylə çalışır ki, hələ 2 il öncədən bir ayağı Qərbə sarı sürüşmüş Ermənistanı qoşa ayaqla xizəyə minməkdən çəkindirsin. Bundan ötrü Rusiya Ermənistana bir qamçı çəkib, indi ona qoğal verməyin vaxtıdır. Rusiya bizdən əmindir, bilir ki, Qərbə tərəf çox uzaq getdiyimiz yer Türkiyənin yanı olacaq. Türkiyə isə hazırda Rusiyanın təbii, sənədsiz müttəfiqidir.

5.jpg (49 KB)

Fəqət ermənilər 44 günlük müharibədə uğradıqları acı məğlubiyyətin baiskarlarından (digər ikisi Türkiyə və bizik) biri kimi gördüklri Rusiyani bağışlayacaqlarmı? Demək çətindir. Böyük ehtimalla bu baş verməyəcək.

Ona görə də Rusiya və Ermənistanın arasının getdikcə daha çox pozulacağını ehtimal edərək biz Rusiyaya yönəlik ritorikamızı bir qədər dəyişməliyik.

8.jpg (202 KB)

Yadınızdadırsa, elə bu günlərdə Rusiyanın təhlükəsizlik xidmətinin şefi Sergey Narışkin hər iki ölkədə Rusiyadan narazı olan millətçi qüvvələrin fəallaşdığını bildirdi. Bu, o deməkdir ki, ruslar hər şeyin fərqindədirlər.

Prinsipcə, bizim kəskin anti-Rusiya mövqeyi tutmağımızın məntiqi əsası yoxdur. Ermənilər müharibəni uduzublar, narazıdırlar, bizə nə olub? Biz ki müharibəni sırf Rusiyanın öz neytrallığını pis-yaxşı qoruması hesabına udmuşuq (fakt budur ki, hərbi texnikamız nə qədər modern, əsgərimiz nə qədər şücaətli olsa da, Rusiya qələbəmizin qarşısını ala bilərdi – bunu inkar etməməliyik).

Bu baxımdan bir az siyasətcil olmalıyıq, istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə qonşu dövlətlərə yönəlik “hamı bizə düşməndir” ritorikasından çəkinməliyik. Bu məsələdə dövləti idarə edənlərin siyasətinə güvənmək lazımdır, ən azı 3-4 ay səbr etməliyik ki, görək, bu işlərin axırı necə olur. Ondan sonra ağa durur, Ağacan durur.

9.jpg (47 KB)

Ümumiyyətlə götürdükdə isə hələ 15-20 il öncənin statistikasına görə 2 milyondan artıq soydaşımızın sığındığı, barındığı dövləti 1 və ya 2 nömrəli düşmən elan etmək milli mənafeyimizə ziddir. Biz regionda güclənmək, mövcudluğumuz qorumaq üçün qonşuluqdakı güclü dövlətlərin yalnız biriylə deyil, hamısıyla dinc, yanaşı, dostcasına yaşamaq siyasəti yeritməliyik.

Başqa variant yoxdur. Ermənilər qonşularıyla “əbədi düşmənçilik” xətti yeridib xoşbəxt oldularmı?

Siyasət emosionallığı sevməz. Dünən kimsə beş maşında rus bayrağı qaldırıb deyə haray qoparmaq lazım deyil. Ona qalsa 44 günlük müharibə zamanı Pakistanın bayrağı da maşınlarımızı bəzəyirdi və Pakistan xalqı, eləcə də dövləti bu mənzərədən xoşhal idi. Həmin hərəkət bizim milli suverenliyimizi təhdid etmədiyi kimi, beş-on rus bayrağının da suverenliyimizə təhdidi yoxdur.

Aydın məsələdir, bu duyğu bizdə uzun illər rus müstəmləkəsi olmağımızdan doğur.Ərəblər də Türkiyə bayrağına eyni cür həssasdırlar. Ancaq reallıq budur ki, keçmişdə baş verənləri unutmamaq şərtilə irəli baxmaq lazımdır. Keçmişlə yaşamağa qalsa, gərək yaponlar Naqasaki və Xirosima müsibətinə görə heç vaxt ABŞ-la heç bir münasibət qurmayayaydılar.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157581

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031