Türkiyə nüvə dövləti olmaq yolunda

02.09.2020 - 10:09

Ekspert: “Azərbaycanın yanında olan Türkiyənin nüvə nəhənginə  çevrilməsi…”

Türkiyənin nüvə silahına sahib olması məsələsi son zamanlar yenidən aktuallaşıb. Rəsmi Ankaranın bu silahları əldə etməsi Azərbaycanın maraqlarına tam cavab verdiyi üçün bu məsələyə ölkəmizdə də geniş maraq var.  Bununla bağlı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev  Aralıq dənizinin şərqində yaranan gərginlik və Türkiyənin mövqeyi haqda danışarkən deyib:

“Türkiyənin güclü hərbi-sənaye kompleksi var. İnanıram ki, Pakistandan nüvə silahı da əldə edib. Əgər etməyibsə, bunu tezliklə gerçəkləşdirmək lazımdır. Hazırda bütün nüvə dövlətləri öz arsenalını genişləndirir. İslamabadın borcudur ki, kömək etsin, dünyada müsəlman dövlətlərindən daha biri nüvə dövlətinə çevrilsin”.

Politoloq Əhəd Məmmədli Türkiyənin qısa müddətdə nüvə dövlətinə çevrilmək imkanlarının olduğunu söylədi: “Müasir dövrdə böyük, ən böyük, nəhəng olmaq istəyirsənsə, mütləq nüvə silahına malik olmalısan. Fikir verin, dövrümüzdə atom bombası olan dövlətlərin sözü keçir. Qardaş Türkiyə də Ərdoğanın liderliyi, AK Partiyanın iqtidarı altında yenidən böyük olmaq yolunu tutub. Rəsmi Ankara çox gözəl anlayır ki, yenidən böyük olmaq üçün nüvə silahına malik olmaq lazımdır. Yəqin ki, bu yöndə də addım atırlar. Pakistan Hindistandan geri qalmamaq üçün Çinin texniki, Səudiyyənin də maliyyə dəstəyi ilə atom bombasına malik oldu. Ümid edirik ki, indi də qardaş Pakistan Türkiyəmizə bu yöndə hər bir dəstəyini verəcək.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Pakistanla bərabər Türkiyə də atom bombasına sahiblənsə, bu, İslam dünyası üçün müsbət bir hal olacaq. Düzdür, Türkiyə ərazisində atom bombaları var, amma bunlar Amerikaya məxsusdur. İnformasiyaya görə, bu nüvə arsenalına Türkiyənin də çıxışı var, lakin bu bəs deyil. Ankara öz şəxsi nüvə arsenalına sahiblənməlidir. Pakistan buna 10 il ərzində nail oldusa, inkişaf etmiş Türkiyə daha tez müddətdə nüvə arsenalına malik ola bilər. Türkiyənin nüvə nəhənginə çevrilməsi Qarabağ savaşında rəsmi Bakının mövqeyini, gücünü birə beş artıracaq”.

Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə  aydınlıq gətirməlidir"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, rəsmi Ankara nüvə silahı əldə etmək istəsə, ona qarşı ciddi maneələr olmayacaq: “Türkiyə bölgənin əsas dövlətlərindən birinə çevrilib. 15 ilin Türkiyəsi ilə hazırkı Türkiyə arasında çox böyük fərq var. İqtisadiyyatı böyüyüb, ticarət həcmi artıb, ordusu güclənib, hərbi sənaye kompleksi görünməmiş dərəcədə inkişaf yolu keçib. Türkiyə bu gün hərbiyə olan ehtiyacının 85%-ni öz hərbi sənaye kompleksi hesabına ödəyir. Halbuki keçmiş illərdə bu heç 20% etməzdi. Bu gün qardaş ölkənin istehsal etdiyi pilotsuz üçün təyyarələri dünyada ən yüksək səviyyəli hərbi texnika sayılır. Rəsmi Ankara bu texnikasını müxtəlif ölkələrə satır. Türkiyə Cümhuriyyət tarixində ilk dəfə üç dövlətdə eyni vaxtda öz təhlükəsizliyi və milli maraqları baxımından əməliyyat həyata keçirir, İraq, Suriya və Liviyada. Türkiyənin yeganə olaraq nüvə silahı yoxdur. Amma bu istiqamətdə qardaş ölkədə artıq ciddi fikirlər ortaya atılır. Çünki ətrafdakı nüvə ölkələrinin sayı artmaqdadır. Hindistan, Pakistanın var, İsrail açıq etiraf etməsə də var. İran bu istiqamətdə çalışmalar aparır. Ona görə də Türkiyə bu istiqamətdə düşünməyə başlayıb. Qardaş dövlət demokratik ölkədir. İran nüvə silahı əldə etməyə çalışanda ona qarşı çox böyük təzyiqlər oldu. Amma Türkiyəyə qarşı belə təzyiqlərin olacağına inanmıram. Hindistan, Pakistan, İsrail bu silahı əldə edirsə, Türkiyənin niyə olmasın? Amma bu silahın əldə edilməsi çox çətin bir prosesdir. Yəni zənginləşdirilmiş urana ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə də rəsmi Ankara müəyyən çalışmalara başlayıb. Məsələn, Türkiyənin bəzi Afrika ölkələri ilə sıx əməkdaşlıq etməsinin arxasında bu ölkələrlə birlikdə zəngin yataqların istismarı nəzərdə tutulur. Afrika ölkələrindən Nigeriyanın adını çəkə bilərik ki, dünyada uranla zəngin olan dövlətlərdən biri sayılır. Kasıb ölkədir, təkbaşına uran zənginliklərini istismar edə bilmir. Ona görə Türkiyə son illər Nigeriya ilə iqtisadi əlaqələri gücləndirib, bu ölkəyə dəstək verir. Mümkündür ki, gələcəkdə Nigeriya və digər Afrika ölkələrində uran yataqlarının istismarı istiqamətində fəaliyyətə başlasın. Əgər Türkiyənin kifayət qədər uranı olarsa, düşünürəm ki, qısa zamanda nüvə silahına yiyələnə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930