İran ətrafında gərginlik artır – region və Azərbaycanı nə gözləyir?

08.01.2021 - 10:31

Asim Mollazadə: “İran qərarını geri çəksə…”

Cənub qonşumuz İranın uranı 20% zənginləşdirmək qərarından sonra gərginlik günbəgün artmaqdadır. Böyük Britaniya, Almaniya və Fransa İranı uranı 20%-ə qədər zənginləşdirmək prosesini dayandırmağa çağırıb. TASS agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda İranın uranı 20%-ə qədər zənginləşdirməyə başladığından dərin narahatıq ifadə olunur və bu addım təsirli diplomatik fəaliyyət imkanlarını məhdudlaşdıran fəaliyyət kimi qiymətləndirilir.

Lakin cənub qonşumuz dayanmaq bilmir. Bu onun davranışlarında da açıq şəkildə özünü göstərməkdədir. Belə olacağı təqdirdə isə heç şübhəsiz ki, regionda gərginlik durmadan artacaq. Bu da haqlı olaraq, Azərbaycanı da narahat etməyə bilməz. Gərginliyin regiona və Azərbaycana nə vəd etdiyi yönündə çoxlu sayda suallar yaranıb. Çünki hər belə gərginlikdə Qərbdən Bakıya da müxtəlif təzyiqlər başlayır. Prezident də dəfələrlə bu barədə danışıb. Üstəlik, Azərbaycan İranla sərhədlərini bərpa edib və həmin zonalarda bərpa işləri başlamalıdır.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında iki ölkə arasındakı gərgin münasibətlərin düzələcəyinə ümid etdiyini söylədi: “Amerikada hakimiyyət dəyişəndən sonra istisna deyil ki, Bayden çalışacaq ki, İranla yenidən məlum sazişi geri qaytarsın, sanksiyaları dayandırsın. Bunun nəticəsində düşünürəm ki, gərginlik azala bilər. İran da uranla bağlı öz qərarlarını geriyə götürərək, keçmiş mövcud olan sazişə qayıtsın. Bu olmasa, İran öz nüvə proqramını davam etdirsə, ancaq o halda gərginlik daha da arta bilər. Eyni zamanda İran bu proqramını dayandırmasa, dünyanın ciddi təzyiqləri ilə üzləşə bilər. Bu da çox xoşagəlməyən hadisələrə gətirib çıxaracaq. Amma İran qərarını geri çəksə, Bayden Amerikanı sazişə qaytarsa, o zaman proseslər normal şəkildə cərəyan edəcək. İrana nüvə silahı əldə etmək imkanı verilməyəcək. Bu açıq şəkildə bəyan edilib. Hakimiyyət dəyişikliyindən sonra ABŞ-da İrana qarşı yeni münasibətin formalaşması mümkündür”.

Deputat Azərbaycanla bağlı olan narahatlıqlara da aydınlıq gətirdi: “Azərbaycan heç bir qüvvəyə, heç kəsə imkan verməyəcək ki, onun üçüncü dövlətlə münasibətlərinə müdaxilə edilsin. Əslində Azərbaycan öz müstəqilliyini bütün təzyiqlərdən qorumağa qadir bir ölkədir. Mənə elə gəlir ki, müstəqil siyasətimizi müstəqil dövlət kimi həyata keçirmək üçün bütün əsaslarımız var”.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə: “Regionda siyasi müstəvidə yenidən proseslər aktiv fazaya keçir. Xüsusilə İran ətrafında situasiya mürəkkəbləşir. İranın uranı 20 faiz zənginləşdirməsi nüvə silahının yaradılmasına yaxın vəziyyət yaradıb. Təbii ki, bu da hərtərəfli sazişin qorunmasını həyata keçirən üzv ölkələri narahat edir. İngiltərə, Almaniya və Fransa tərəfindən İrana xəbərdarlıq ciddi mesajdır və bu ölkəyə qarşı sanksiyaları yenidən gündəmə gətirir. Hesab edirəm ki, Tehran bu addımı ilə Bayden Administrasiyasının güzəştə gedəcəyini və Avropanın da İranı müdafiə edəcəyini hesablayır. Yeni əlverişli müqavilə bağlanmasını istəyir. Amma İranla Avropa və ABŞ arasında yenidən müqavilə bağlanması gözlənilmir. Təzyiqlərin yeni dalğası gözlənilir”.

Politoloq regiona ola biləcək təhlükələrə də toxundu: “Təbii, İranın nüvə silahı əldə etməsi region üçün təhlükəlidir. Hətta Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Buna baxmayaraq, təzyiqlərin və sanksiyaların İrana tətbiq edilməsi ilə Qərb Azərbaycana da İrana qarşı bu sanksiyalara qoşulması çağırışı edə bilər. Bir neçə il bundan əvvəl belə hallar olmuşdu. Amma Azərbaycan İrana qarşı bütün təzyiqlərə rəğmən sanksiyalara qoşulmadı. Hesab edirəm ki, Baydenin prezidentliyi dövründə İrana qarşı sanksiyalar davam edəcəksə, Tehranın uranı zənginləşdirməsi münasibətləri daha da gərginləşdirəcək. Azərbaycan İranla qonşu dövlətdir. Sərhədlərini tam bərpa etməklə iqtisadi əlaqələri inkişaf etdirmək istiqamətdə planlara hazırlaşır. Belə olan təqdirdə Avropa və ABŞ-ın istəklərinə baxmayaraq rəsmi Bakı İrana qarşı sanksiyalara qoşulmayacaq. Ümumiyyətlə, cənub qonşumuz ətrafında siyasi-iqtisadi problemlər artacaq. Bu da regionda gərginliyin artmasına, İranla Qərb arasında əsəb müharibəsinə gətirəcək. Təbii ki, tərəflər yenidən masa ətrafına əyləşib əvvəlki müqaviləyə qayıda bilərlər. Əgər Avropa İranla iqtisadi əlaqələrini dayandırsa, bu ölkədə iqtisadi vəziyyət daha da gərginləşəcək. Bu da daxildə sosial gərginliyə yol açacaq. Ona görə də İran da manevr edir ki, ABŞ və Avropa ilə ortaq məxrəcə gəlinsin. İranla müştərək layihələrimiz var. Və onların davam etdirilməsi istiqamətində işlər davam etdiriləcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi və Araz çayı üzərində Cəbrayılda iki su anbarı və s. bu kimi layihələrin davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Və Azərbaycan təzyiqlərə baxmayaraq bu əməkdaşlığı davam etdirəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930