Ermənistanın çıxış yolu- Azərbaycan və Türkiyənin ətəyindən yapışmaq
Politoloq: “Müharibədən sonra yaranmış siyasi, iqtisadi, sosial mənzərə Ermənistan prezidentinin gözünü açmağa başlayıb”
Ermənistan prezidenti Armen Sərkisyan ölkəsinin acı məğlubiyyətə uğradığını, böhranlı durumla üz-üzə qaldığını etiraf edən açıqlama verib.
Sərkisyan deyir ki, Ermənistan hərtərəfli böhranın məngənəsindədir-sosial-iqtisadi, hərbi-siyasi, gərgin mənəvi-psixoloji böhran ölkəni acınacaqlı vəziyyətə gətirib. Ermənistan prezidenti hər kəsin gözü qarşısında etiraf edir ki, Azərbaycan Ordusu Ermənistan ordusundan dəfələrlə güclü olub. Xüsusən son model dronlar Ermənistan ordusu üçün fəlakətə çevrilib. Ermənistan isə belə modern dronları almaq üçün vəsaitə malik deyil. Əksinə, maliyyə-iqtisadi böhran ölkəni təhdid edir.
Armen Sərkisyan qeyd edib ki, Ermənistan həm də demoqrafik məsələlərdə Azərbaycana məğlub olub. Dağlıq Qarabağ Ermənistanın nəzarəti altında olarkən, əhalinin sayı 20 min nəfər azalıb. Halbuki bu əraziləri məskunlaşdırıb əhalinin sayını artırmaq lazım idi.
Erməni prezident Ermənistanın həm də informasiya savaşında Azərbaycana uduzduğunu və bu müharibəni itirdiyini də etiraf edib.
A.Sərkisyan düşünür ki, Ermənistan böyük böhran içindədir və bu böhranın ən pis variantı emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq: “Ermənistan dizi üstə çöküb, indi durmağa çalışmalıdır”.
Yaranmış vəziyyətə görə keçmiş Ermənistan hakimiyyətlərini ittiham edib, həmçinin hökumətin məsuliyyət daşıdığını deyib. Bildirib ki, Azərbaycan və Türkiyə ilə təmaslar lazımdır.
Ermənistan prezidentindən öncə, baş nazir Nikol Paşinyan da ölkəsinin ağır məğlubiyyətə düçar olduğunu etiraf edib və Azərbaycanla, həmçinin Türkiyə ilə əlaqələrin, təmas nöqtələrinin tapılmasının vacibliyini bildirmişdi. Azərbaycan Ordusunun gücünü, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində artan mövqeyini və ümumilikdə Türkiyənin bir aktor kimi regionda və beynəlxalq münasibətlər sistemində artan rolunu dərk edən Paşinyan xalqa müraciətində bildirdi ki, bundan sonra yeni arzular və amallar uğrunda mübarizə aparmalı, Türkiyə və Azərbaycanla ortaq təmas nöqtələri tapmağa çalışmalıyıq. Bu fikir müxalif qüvvələr tərəfindən hər nə qədər sərt şəkildə tənqid olunsa da, hər bir halda Ermənistanın mövcud ilkin rəsmi rəhbərlərinin açıqlaması bu istiqamətdə oldu.
Politoloq Şəbnəm Həsənova “Yeni Müsavat”a şərhində bildirdi ki, müharibədən sonra yaranmış siyasi, iqtisadi, sosial mənzərə Ermənistan prezidentinin və baş nazirinin gözünü nəhayət açmağa başlayıb. Onlar artıq reallığı etiraf etmək məcburiyyətindədirlər: “Deməli, nə qədər gec deyil dərk edirlər ki, ölkələri fəlakətlə üz-üzə qalıb və bunun əsas səbəbi Qarabağ məsələsidir, Ermənistanın çürük ideologiyadan əl çəkməməsidir. Ermənistanın bir dövlət kimi regionda siyasi və iqtisadi blokadadan çıxmasının, uçurumdan xilas olmasının tək bir yolu var, o da qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq. Armen Sərkisyan ölkəsinin dizi üstə çökdüyünü açıq bəyan edib. O və digər erməni liderlər get-gedə başa düşəcəklər ki, ayağa durmaq üçün yol Azərbaycan və Türkiyənin ətəyindən yapışmaqdır.
Bunu bugünlərdə məşhur erməni siyasətçi Jirayr Liparidyan da bildirib.
Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var, onlar öz ölkələrinin daha dərin uçuruma düçar olmaması üçün gec olmadan əməli addımlar ata bilərlər. Vaxtilə Ermənistan prezidentinin müşaviri olmuş, Ermənistan diplomatiyasının veteranı sayılan Jirayr Liparidyan da “Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Əks halda, çamadanlarımızı yığıb hansısa bir yerə köçəsi olacağıq” – deyə, açıqlama verib. Deməli, ölkə başçımızın da haqlı olaraq qeyd etdiyi kimi, bu ölkədə hələ siyasi proseslərin gedişatını dərk edən və onu düzgün dəyərləndirməyi bacaran insanlar var.
Sözsüz ki, belə olduğu təqdirdə, yəni əgər Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə bu cür konstruktivlik nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Çünki cənab Prezident İlham Əliyev və Ərdoğan da dəfələrlə bəyan ediblər ki, erməni xalqı ilə bir problem mövcud deyil. Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövləti ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olar”.
Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini özlərinin də etiraf etdiyi ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real adımlar atmalıdırlar: “Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın”.
Short URL: https://www.cumhuriyyet.net/?p=159059